Rusiya növbəti dəfə Ukraynaya kütləvi raket və PUA hücumu edib


Avqustun 5-nə keçən gecə Rusiya ballistik raketlər və əksəriyyəti İranın “Şahed” PUA-ları olan əlliyə yaxın pilotsuz uçuş aparatından istifadə etməklə Ukraynaya kütləvi hücum həyata keçirib. Bu barədə SİA Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadla məlumat verir.

Ukrayna Prezidentinin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri xeyli sayda pilotsuz uçuş aparatını vurub, lakin zərbələr də baş verib.

Ən çox ciddi zərər çəkən Xarkov vilayətinin Lozovaya şəhərində mülki infrastruktur obyektlərinə, xüsusən də dəmir yolu, depo və stansiyaya 25-dən çox kamikadze PUA zərbəsi qeydə alınıb.

Hücum nəticəsində bir nəfər ölüb, ikisi uşaq olmaqla daha on nəfər yaralanıb.

Fövqəladə Hallar Dövlət Xidmətinin bölmələri gecə saatlarından etibarən partlayış baş verən yerlərdə işləyir. Prezident qeyd edib ki, həkimlər bütün zərərçəkənlərə yardım göstərirlər.

Zaporojye, Odessa və Sumı vilayətləri də atəşə tutulub. Rusiya qoşunları Zaporojye vilayətinin Belenkoye kəndində FPV pilotsuz uçan aparatlarından istifadə ediblər, nəticədə iki yerli sakin yaralanıb.

Prezident Rusiyaya və məhdudiyyətlərdən yayınmaqda ona kömək edən ölkələrə qarşı sanksiyaların gücləndirilməsinin vacibliyini vurğulayıb:

“İndi dünya görür ki, Rusiyaya qarşı sanksiyalar və ona neftdən qazanc əldə etməyə kömək edən hər kəsə qarşı ikinci dərəcəli sanksiyalar kifayət qədər güclü olarsa, nəticə verə bilər”, -deyə o vurğulayıb.

Zelenski beynəlxalq tərəfdaşlara, xüsusilə ABŞ, Aİ ölkələri və G7 dövlətlərinə dəstək və təcavüzkara təzyiq göstərmək üçün qətiyyətli addımlara görə təşəkkür edib.

Əlaqəli Xəbərlər