Uğurun arxasında gizlənən yalnızlıq: karyera qadınlarının psixoloji yükü


“Ailə və karyera arasında seçim şəxsi seçimdir. Həqiqətən xoşbəxt və dolğun olmaq üçün hər ikisinin də həyatımızda olması vacibdir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Sədaqət Rəhimova deyib.

Onun sözlərinə görə, karyera maliyyə sabitliyi və şəxsi inkişaf potensialını təmin edir, ailə isə sosial dəstək və emosional təminatdır: “Bu gün dünyada qadınların karyera və ailə ilə bağlı müxtəlif üstünlükləri var. Bəziləri karyera yüksəlişini və maliyyə müstəqilliyini ön planda tutsa da, digərləri ailə həyatını və uşaqları böyütməyi üstün tutur. Bir çox qadın xoşbəxt bir karyeranı güclü ailə həyatı ilə birləşdirməyi qarşısına məqsəd qoyaraq ikisi arasında tarazlıq axtarır”.

“Dövlətlərin verdiyi analıq məzuniyyəti, uşaq baxımı dəstəyi və gender bərabərliyi təşviqatı qadınların həm işləməsinə, həm də ailə qurmasına şərait yaradır. Önəmlidir ki, Azərbaycan cəmiyyətində son illər qadınların təhsilə və karyeraya marağı artsa da ailə prioriteti hələ də çox güclüdür. Bu gün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşısında duran ən mühüm vəzifələrdən biri də ailə institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunması, onun problemlərinin minimuma endirilməsi, ümumən ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və rifahının artırılmasıdır”,-deyə Rəhimova bildirib.

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı isə deyib ki, karyera hədəflərinə fokuslanan, planlı və motivasiyalı qadınlar cəmiyyətin uğurlu fiqurları kimi tanınsalar da, bu yolda müəyyən psixoloji sarsıntılarla qarşılaşa bilirlər. Onun sözlərinə görə, bu cür qadınlar zamanla şəxsi həyatla karyera arasında balans yaratmaqda çətinlik çəkirlər: “İş həyatında soyuqqanlı və nəzarətli görünmək zərurəti qadını zamanla emosiyalarını gizlətməyə məcbur edir. Bu da onun kənardan sərt və qəddar görünməsinə səbəb olur” – deyə psixoloq qeyd edib.

Fərqanə Mehmanqızına görə, bu qadınlar ailə mövzusuna qarşı da zamanla ehtiyatlı və qorxaq yanaşmağa başlayırlar: “Karyerada idarəetmə qadın üçün nə qədər rahatdırsa, ailədəki emosional xaos onları bir o qədər qorxudur. Onlar idarə olunan yox, idarə edən olmağa öyrəşiblər”, – deyə psixoloq bildirib.

Mütəxəssis həmçinin vurğulayıb ki, bu vəziyyətin kökündə uşaqlıqda verilən bəzi təlqinlər də dayanır: “Uşaqlıqdan ‘öz ayaqlarının üstündə dur’, ‘öz pulunu qazan’ kimi fikirlər qadının gələcəkdə ailə qurmaqda tərəddüd yaşamasına səbəb ola bilər. Maddi müstəqillik artdıqca, qadın kişi enerjisinə yaxınlaşır. Bu isə onun daxilən özünü tənha hiss etməsinə yol aça bilər”.

Əlaqəli Xəbərlər