“Böyük Qayıdışın sürətlə həyata keçirilməsi Azərbaycanın iradəsinin göstəricisidir”


“Böyük Qayıdış proqramının sürətlə həyata keçirilməsi təqdirəlayiq haldır. Bu, müasir dünya praktikasında misilsiz bir nümunədir”. Bu fikirləri politoloq İlqar Vəlizadə SİA-ya açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda müxtəlif bölgələrdə müharibələr gedir, yaşayış məntəqələri dağıdılır, insanlar doğma torpaqlarını tərk etməyə məcbur qalır: “Təəssüflər olsun ki, illər öncə Azərbaycan da bu cür fəlakətlərlə üzləşmişdi. Milyondan çox soydaşımız qaçqın və köçkün həyatı sürmüşdü. Bu gün isə əks proses başlayır – vətəndaşlarımız öz yurd-yuvalarına qayıdır”.

İlqar Vəlizadənin sözlərinə görə, bu prosesin arxasında sistemli yanaşma və böyük dövlət fəaliyyəti dayanır: “Qayıdış həyata keçirilən ərazilərin əksəriyyəti minadan çirklənmiş bölgələrdir. Digər tərəfdən, bu ərazilərdə bütün infrastruktur – yollar, binalar, enerji xətləri – tamamilə dağıdılmışdı. Həyat dayanmışdı, ermənilər Azərbaycanlıların izlərini silməyə çalışmışdı. Ona görə də qayıdış prosesi mürəkkəbdir. Amma bu cür sürətlə həyata keçirilməsi dövlətimizin güclü iradəsinin sübutudur”.

Politoloq bildirib ki, bu proses həm tarixi ədalətin bərpası, həm də torpaqlarda həyatın yenidən canlanması baxımından böyük əhəmiyyət daşıyır: “Bütün bu çətinliklərə baxmayaraq, qarşıya qoyduğumuz məqsədlərə ardıcıl şəkildə nail oluruq. Köç prosesi nəticəsində yaranan yeni geosiyasi və geoiqtisadi vəziyyət təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın simasını dəyişdirir”.

Onun fikrincə, artıq bərpa olunan ərazilərdə müxtəlif sahələr inkişaf etməyə başlayıb: “Xüsusilə kənd təsərrüfatı, limonçuluq, mədən sənayesi və turizm istiqamətində yeni layihələr reallaşdırılır. Cənab Prezident İlham Əliyev regionlara səfərləri zamanı bu işləri yerində izləyir, köçkünlərlə görüşməyə xüsusi önəm verir. Çünki bu quruculuq işləri onların normal yaşayışla təmin olunmasına xidmət edir”.

İlqar Vəlizadə əlavə edib ki, yaradılan infrastruktur və şərait insanları doğma torpaqlarına dönməyə ruhlandırır: “Qayıdış sadəcə fiziki hərəkət deyil, bu, milli ruhun, yaddaşın və kimliyin yenidən bərpasıdır. Bu proses Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirir”.

Əlaqəli Xəbərlər