“Keçmiş dövr insanları ilə indiki insanlar, xüsusilə də gənclər arasında xeyli fərq var”. Bunu SİA-ya açıqlamasında psixoloq Ezgi Şahın deyib.
O bildirib ki, hər dövrdə cavan nəslin reaksiyaları əvvəlki nəsillərə qəribə görünür: “Eləcə də, bizim davranışlarımız da onlara xoş gəlmir. Bunun əsas səbəbi dövrlərarası fərqlərdir. Əvvəllər sosial şəbəkələr yox idi, indi isə sosial media vasitəsilə bir çox şeyə şahid oluruq və onları normallaşdırmağa başlayırıq.
Avropa üslubuna yönəlirik və bu, xüsusilə Azərbaycan, Türkiyə kimi müsəlman ölkələrində daha çox nəzərə çarpır. Çünki biz fərqli bir mühitdə, daha qapalı rejimdə böyüdüyümüz üçün Avropa tərzinə uyğunlaşmağa çalışdıqda, keçmiş nəsil – nənə və babalarımız – buna reaksiya verir və sanki bizə “siz bu nəsilə aid deyilsiniz” demək istəyirlər.
Məsələn, əvvəllər insanlar – xüsusilə də 1980–90-cı illərdə – cəmiyyətdə utanır, sevgililər əl-ələ gəzməyə belə çəkinirdilər. İndi isə bu kimi davranışlar daha çox normal qarşılanır. İnsanlar cəmiyyətdə açıq şəkildə qucaqlaşır, hisslərini sərbəst ifadə edirlər. Bu isə ağsaqqallar və ağbirçəklər üçün hələ də qəribə görünür. Sosial şəbəkələrin bizə göstərdiyi, bizə “normal” kimi təqdim etdiyi şeylər əvvəlki nəsillər üçün qəbuledilməz ola bilər. Bu, sosial mediadan qaynaqlanan ikinci bir reaksiya formasıdır: biz artıq bir çox şeyi normallaşdırırıq. Lakin keçmiş nəsil, xüsusilə 1980-ci illərdə böyüyənlər, bu davranışlara normal baxmırlar. Maraqlısı odur ki, həmin nəsil də vaxtilə onlardan əvvəlki dövr tərəfindən normal qarşılanmamışdı.
Dövr dəyişdikcə, gələcəyə baxış bucağımız və reaksiyalarımız da dəyişir. Məhz bu səbəbdən biz tənqidi qəbul etmirik. Çünki hələ formalaşmağa çalışırıq, hər şeyi normallaşdırdıqca insanların bizi tənqid etməsi qəribə gəlir. Biz isə bu tənqidləri “sizin dünya görüşünüz yoxdur” deyərək rədd edirik. Əslində bu, doğru yanaşma deyil. Qəbul etməliyik ki, hər kəsin dünya görüşü fərqlidir. Bəzən cəmiyyətdə davranışlarımızı düzgün tənzimləməliyik. Hər şeyin “normal” qarşılanması bir həddə qədər mümkündür, lakin müəyyən bir səviyyədən sonra bu, artıq yolverilməz ola bilər”.