“Sanki ora girməsələr geridə qalacaqlar”


“Təəssüf ki, müasir dövrdə gənclər getdikcə daha çox sosial mediadan, mobil telefondan, telefon oyunlarından və ümumiyyətlə, texnologiyaya bağlılıqdan əziyyət çəkirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, hətta bəzən oyun belə olmasa, sadəcə telefonun özünə bağlılıq formalaşır və bu asılılıq getdikcə dərinləşir: “Biz bunu əsasən gənclərin və uşaqların sosial şəbəkələrdə və mobil cihazlarda keçirdikləri vaxtla müəyyənləşdiririk. Bu asılılıq təkcə əyləncə ilə məhdudlaşmır – onların gündəlik həyatına, təhsilinə, emosional və psixoloji durumuna da birbaşa təsir göstərir. Telefon və sosial şəbəkələrə həddindən artıq bağlılıq nəticəsində diqqət dağınıqlığı yaranır, uşaqlar və yeniyetmələr real aləmdən uzaqlaşır, ətraf mühitlə əlaqələri zəifləyir. Onlar sosial mediada baş verən hadisələri daim izləyir, sanki bir neçə dəqiqəlik kənarda qalsalar, dünyada baş verənlərdən xəbərsiz, “geridə qalmış” biri olacaqlarını düşünürlər. Bu isə onların həm dərslərində, həm də insanlarla ünsiyyətdə geri qalmalarına səbəb olur”.

Bu proses cəmiyyətdə münasibətlərin zəifləməsinə, insanlar arasında empatiyanın azalmasına, ümumi düşünmə və analiz qabiliyyətinin geriləməsinə səbəb olur. Artıq uşaqlar bir-biri ilə oynamaq əvəzinə, hər biri öz cihazına qapılır, sosial izolyasiya və qapanma halları artır. Nəticədə depressiya, aqressiya, sosial narahatlıq kimi psixoloji problemlər ortaya çıxır. Sosiallaşma imkanları məhdudlaşır və insan ünsiyyəti texnologiyanın arxasında itib gedir.

Psixoloq bildirib ki, mütəxəssislər bəzən sosial şəbəkələrin və texnologiyanın müsbət tərəflərindən də bəhs edir. Məsələn, məqsədli şəkildə istifadə olunarsa – təhsil almaq, məlumat toplamaq, yaradıcı fəaliyyətlərlə məşğul olmaq kimi hallarda bu platformalar faydalı ola bilər. Lakin burada əsas məsələ balansı qorumaqdır. Əgər telefon yalnız müəyyən saatlarda, konkret məqsədlərlə istifadə olunursa – məsələn, yemək zamanı telefona baxmırıqsa, evdən çıxarkən gözümüz ekranda deyilsə, ya da gün ərzində əsas işlərimizi bitirib telefona minimum vaxt ayırırıqsa bu zaman ciddi problem yaranmır. Bu, texnologiyanı idarə etdiyimizi göstərir. Lakin əgər telefon daim əlimizdədirsə, gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilibsə, yatmazdan əvvəl belə sosial şəbəkələrdə vaxt keçiririksə və bu, saatlarla davam edirsə, deməli, artıq texnologiya bizi idarə etməyə başlayıb. Belə hallarda isə psixoloji gərginlik, yuxusuzluq, sosial təcrid və ümumilikdə ruhi sağlamlığın zəifləməsi qaçınılmaz olur. Nəticə etibarilə, texnologiyadan düzgün və məqsədli istifadə etmək, onu həyatımızı asanlaşdıran bir vasitəyə çevirmək bizim öz əlimizdədir. Əsas odur ki, texnologiya bizi deyil, biz texnologiyanı idarə edək.

Əlaqəli Xəbərlər