Tramp Cənubi Qafqazda sülhə zəmin yaradır


“ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında mühüm diplomatik görüş keçiriləcək”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Əhməd Şahidov deyib.

“Cümə günü Ağ Evdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında vacib görüşlər keçiriləcək. Proqrama əsasən, əvvəlcə Tramp İlham Əliyevi qəbul edəcək, ardınca Ermənistan Baş naziri ilə təkbətək görüş keçiriləcək. Daha sonra hər üç liderin iştirakı ilə üçtərəfli formatda müzakirələr aparılacaq və mətbuata açıqlamalar veriləcək.Siyasi dairələrdə yayılan məlumata görə, görüşün əsas məqsədi Azərbaycan və Ermənistan arasında uzun illərdir gözlənilən sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyişə nail olmaqdır. Avqustun 8-də yekun sülh sənədinin imzalanacağı ehtimal olunmasa da, tərəflərin niyyət protokolu və ya sülhə aparan yol xəritəsini təsdiqləməsi gözlənilir”,-deyə Şahidov bildirib.

Onun sözlərinə görə görüş çərçivəsində diqqət çəkəcək əsas məsələlərdən biri də Azərbaycanın Abraham razılaşmasına (Abraham Accords) qoşulması ilə bağlı danışıqların aparılmasıdır: “Bu barədə rəsmi açıqlama verilməsə də, Donald Trampa yaxın mənbələrin bildirdiyinə görə, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin İsraillə bu razılaşmaları imzalaması planlaşdırılır.Xatırladaq ki, Azərbaycan ilə İsrail arasında uzun illərdir yaxın strateji və dostluq münasibətləri mövcuddur. Abraham razılaşması isə Tramp administrasiyasının təşəbbüsü ilə ərəb və müsəlman ölkələrinin İsraillə diplomatik münasibətlərini normallaşdırmasına xidmət edir. Bu sənəd xüsusilə İsrailin təhlükəsizliyini və bölgədə geosiyasi mövqeyini gücləndirməyə yönəlib”.

Əhməd Şahidov qeyd edib ki, görüşün məhz avqustun 8-nə təsadüf etməsi də diqqətçəkicidir:“Trampın Putinə verdiyi 10 günlük vaxt həmin gün başa çatır. Elə həmin gün Cənubi Qafqazın iki liderini qəbul etməsi, birmənalı qarşılanmır. Bəzi mütəxəssislər bu addımı Trampın Putinə siyasi jesti, hətta mesajı kimi qiymətləndirir. Görünən odur ki, Tramp qısa müddət ərzində bölgədə sülh yaratmaq niyyətindədir”.

Əlaqəli Xəbərlər