“WhatsApp” 6,8 milyon hesabı silib


“Meta”, 2025-ci ilin birinci yarısında bütün dünyada istifadəçiləri hədəf alan fırıldaqlarla əlaqəli 6,8 milyon “WhatsApp” hesabının bağlandığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, şirkət qeyd edib ki, bu hesabların böyük bir hissəsi Cənub-Şərqi Asiyada mütəşəkkil cinayətkar dəstələr tərəfindən yaradılmış fırıldaqçılıq mərkəzləri ilə əlaqəli olub. Bu mərkəzlərdə çox vaxt məcburi əməyə cəlb olunurlar. “Meta”, “WhatsApp”ın fırıldaqçılıqla mübarizədə yeni tədbirlər həyata keçirdiyini elan edib. Bu tədbirlərdən biri, istifadəçinin kontakt siyahısında olmayan biri tərəfindən qrup söhbətinə əlavə edildiyi zaman xəbərdarlıq göndərən sistemdir.

“Meta”ya görə, fırıldaqçılar “WhatsApp” hesablarını oğurlayaraq və ya investisiya vədləri ilə dolu saxta qrup çatlarına istifadəçilər əlavə etməklə insanları aldadırlar. Bildirilir ki, “WhatsApp” bu hesabların əksəriyyətini fırıldaqlar aktivləşməzdən əvvəl aşkar edib bağlayır.

Fırıldaqçılar adətən mətn mesajı vasitəsilə hədəf istifadəçilərlə əlaqə saxlayır, sonra söhbəti sosial mediaya və ya şəxsi mesajlaşma proqramlarına köçürür. Fırıldaqçılıqda son addım çox vaxt ödəniş və ya kriptovalyuta platformaları vasitəsilə baş verir.

Əlaqəli Xəbərlər