Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında “Azərbaycançılıq ideologiyası multikultural cəmiyyətdə birlik və bərabərliyin təminatçısı kimi” mövzusunda maarifləndirici tədbir təşkil edilib. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil edilən tədbirin məqsədi çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda etnik rəngarəngliyin qorunması istiqamətində uğurlu dövlət siyasəti barədə şəxsi heyətin məlumatlandırılması, dini maarifləndirmə səviyyəsinin artırılması olub.
Çıxış edənlər bildiriblər ki, azərbaycançılıq ideologiyası müasir dövrdə ölkəmizin milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmaqla yanaşı, tarixi köklərə malikdir və bu ideologiyanın formalaşması, dövlət siyasəti səviyyəsinə yüksəlməsi bilavasitə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi Öndərin müəyyənləşdirdiyi bu strateji xətt bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz dünya miqyasında multikulturalizm və tolerantlıq nümunəsi kimi tanınır.
Qeyd olunub ki, azərbaycançılıq ideologiyası ölkədə ictimai-siyasi sabitliyin, dini, etnik müxtəlifliyin qarşılıqlı hörmət şəraitində inkişafının təminatçısıdır və bu ideologiya yalnız dövlət siyasəti deyil, eyni zamanda, xalqımızın mənəvi həyat tərzidir.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, azərbaycançılıq ideologiyasının gənc nəslə daha geniş təbliği, milli birliyin və multikultural dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb.