Kimlərinsə haqqında fikir yazmaq ənənəsini dəyişmək vaxtı çatmışdır


Kimlərinsə haqqında yubileydən-yubileyə, hər hansı tarixi günlə bağlı fikir yazmaq ənənəsini dəyişmək vaxtı çatmışdır- elə adamlar, tarixi şəxsiyyətlər, görkəmli elm adamları, məşhur alimlər var ki, onlar haqqında yalnız ildə bir dəfə – doğum günündə və ya peşəsi ilə bağlı tarixi anım günündə danışmaq azdır, onları hər an xatırlamaq, xidmətlərini qiymətləndirmək, gördükləri böyük işləri nəsildən- nəsilə ötürmək vacibdir.

Cəmiyyət qarşısında xidmətləri, elm sahəsindəki nailiyyətləri, gənc nəslin tərbiyəsinə və elmi işlərdəki uğurlarına dəstəyi, gənc tədqiqatçıların beynəlxalq arenaya çıxması, öz çıxışları ilə elmi dairələrdə diqqəti cəlb etmələri, elmi məqalələrinin beynəlxalq jurnallarda nəşrinə dəstəyi ilə seçilən çox da olmayan alimlərimizin adını yaşatmaq, onu tanımaq, onun iş üsulunu, insanlara olan qayğısını, öz işinə olan bağlılığını həmişə xatırlamaq lazımdır. Belə alimlərimizdən biri də Bakı Dövlət Universitetini bitirdikdən sonra həyatını Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə bağlayan riyaziyyatçı- proqramçı-mühəndis, elmi işçi assisent, dosent, professor, doktorantura şöbəsinin müdiri və elmi işlər üzrə prorektor vəzifəsində çalışmış LƏTAFƏT ABBAS qızı QARDAŞOVADIR.

Lətafət xanım 1973-1983-cü illərdə Zaqatala və sonra Bakı şəhəri 1 nömrəli Fizika-riyaziyyat təmayüllü orta məktəbdə oxumuş və BDU-nun “Tətbiqi-riyaziyyat” fakültəsini bitirmişdir. 1999-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi, 2006-cı ildə isə dosent elmi adı almışdır. 2014-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, texnika elmləri üzrə elmlər doktoru elmi dərəcəsi, 2023-cü ildə isə professor elmi adı almışdır.

Professor Qardaşovanın elmi rəhbərliyi ilə 1 nəfər elmlər doktoru proqramı üzrə, 6 nəfər fəlsəfə doktoru üzrə elmi dərəcə almış, hal-hazırda 4 PhD və 1 nəfər elmlər doktoruna rəhbərlik edir. Scopus elmi metrik bazasında H- indeksi 10-dur, 195 elmi məqalənin, 2 dərslik, 17 dərs vəsaitinin, 3 monoqrafiyanın (onlardan biri ingilis dilindədir) müəllifidir, Q 1 və Q 2 kvartilli Applied mathematics və Optimal Control, Applications and Methods jurnallarının rəyçisidir.

Professor 2020-ci ildən Qeyri-səlis, intellektual sistemlərin və süni intellekt vasitələrinin tətbiqi beynəlxalq konfranslarında rəyçi, təşkilat komitəsinin, proqram komitəsinin üzvü kimi iştirak edir-o Türkiyə, İran, Polşa, Portuqaliya, ABŞ, Çexiya, Monteneqro, Ukrayna, Özbəkistan, Avstriya, İtaliya, Macarıstan və İngiltərədə keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

L. A. Qardaşova 2002-ci ildə “XXI əsrin gənc alimi”, 2017-ci ildə ” 2016-cı ilin alimi” mükafatı və medalı almış, AR Prezidenti yanında elmin inkişafı fondu, 2020-ci ildə “Əməkdar elm xadimi” fəxri adı və medalı ilə təltif olunmuşdur, 2019-cu ildə AXC-nin 100 illiyi və 2021-ci ildə ADNSU-nun 100 illiyi medalı almışdır.

2018-ci ildə elmin inkişafı fondunun “Dərinə gömülmüş təbii neft-qaz rezervuarlarının petrofiziki xüsusiyyətlərinin proqnozu qrant layihəsinə, ADNSU-nun ” Universitet qrantı” elmi layihəsinə, 2023-cü ildə “Qarabağ-Azərbaycadır” məqsədli qrant müsabiqəsinə, “İqlim dəyişikliyinin Qarabağın su resurslarına təsirinin innovativ metodlarla qiymətləndirilməsi” layihəsinə rəhbərlik etmişdir.

O, ADNSU ilə Berkli, Kaliforniya Universitetinin birgə “Z numbers and its application” layihəsində iştirak edir. Professorun elmi-tədqiqatlarının istiqamətləri sistemli analiz, İdarəetmə və informasiyanın işlənməsi Soft Kompütinq texnologiyaları, Qərar qəbuletmə nəzəriyyəsi və onun tətbiqləri, Süni intellekt və hesablama intellektidir.

Tarixdə az adamlar adını yaxşı əməlləri, xoş və xeyirxah işləri, mehriban davranışı ilə qəlblərdə əbədiləşdirir – məhz Lətafət xanım yetkin şəxsiyyət, gözəl alim, Azərbaycan elmində öz dəsti-xətti, xüsusi məktəbi olan mütəfəkkir, qayğıkeş həyat yoldaşı, bəxtəvər ana, mülayim qaynanadır- ADNSU-nun tarixinə öz adını qızıl hərflərlə yazan, ADNSU-nun elmi işlər sahəsindəki uğurları ilə böyük bir epoxada iz qoyan professor – xanım kimi bu gün Universitetin qazandığı reytinqlərdə xüsusi rolu danılmazdır – Lətafət xanım Qardaşova ADNSU-nun canlı əfsanəsi kimi hamımızın qəlbində özünə yuva qura bilmiş müdrik filosofdur…

Əlaqəli Xəbərlər