“KOB FEST” – mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsul və xidmətlərin tanıdılmasına və satış imkanlarının genişləndirilməsinə dəstək məqsədilə KOBİA tərəfindən təşkil olunan sərgi-satış yarmarkasıdır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) SİA-ya bildirilib ki, bu yarmarkaların təşkilində məqsəd KOB-ların məhsul və xidmətlərini geniş istehlakçı auditoriyasına tanıtmaq və satışına dəstək olmaq, istehlakçıları KOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməkdir. “KOB FEST” sərgi-satış yarmarkasında mikro və kiçik sahibkarlıq subyektləri, sənətkarlar və yaradıcı şəxslər iştirak edə bilərlər.
Yarmarkanın keçiriləcəyi tarix və region barədə məlumatı KOBİA-nın saytından əldə etmək olar. “KOB FEST”də məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır.
Yarmarkada iştirak etmək üçün mikro və kiçik sahibkarlar KOBİA-nın saytında yerləşdirilmiş onlayn müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.