“Putin nə atəşkəsə razıdır, nə də geri çəkilməyə”


“Trampın sanksiyalarının işləmə ehtimalı azdır, bu da müharibənin davamı deməkdir”. Bu fikirləri siyasi analitik Elxan Şahinoğlu SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Donald Tramp hələ ABŞ Prezidenti seçilməmişdən öncə Rusiya-Ukrayna müharibəsini qısa müddətdə dayandıracağını vəd etmişdi. Lakin vəziyyət hələ də dəyişməyib: “Tramp əvvəlcədən bildirmişdi ki, seçilərsə, müharibəni tez bir zamanda dayandıracaq. Amma bu, baş vermədi. Çünki Rusiya işğal siyasətindən geri çəkilmək istəmir. Bunu elə Putin özü də açıq etiraf edir”.

Politoloq vurğulayıb ki, nə Rusiya atəşkəsə razılaşır, nə də Ukrayna öz torpaqlarından imtina etməyə hazırdır: “Putin nə atəşkəsə razıdır, nə də işğal etdiyi ərazilərdən geri çəkilmək istəyir. Ukrayna isə təbii olaraq öz ərazilərini azad etməyə çalışır və beynəlxalq aləmdən bu yolda dəstək alır. Belə bir şəraitdə müharibənin davam etməsi qaçılmazdır”.

Elxan Şahinoğlunun sözlərinə görə, Trampın Rusiyaya verdiyi vaxt 8 avqustda bitir, lakin bu tarixə qədər də ciddi dəyişiklik müşahidə olunmayıb: “8 avqust Trampın Rusiyaya verdiyi vaxt kimi açıqlanmışdı. Ancaq Rusiya hakimiyyəti bu xəbərdarlıqlara məhəl qoymur. Çünki illərdir sanksiyalarla yaşamağa öyrəşiblər və buna rəğmən işğalçı siyasətlərini davam etdirirlər”.

O qeyd edib ki, Rusiya hazırda Ukraynanın rəsmi olaraq tanınan 4 bölgəsini işğal etməyə çalışır və hər iki tərəf bu döyüşlərdə böyük itkilər verir: “Əsas məqsəd Ukraynanı parçalamaqdır. Rusiya bu istiqamətdə addımlar atır. Hər iki tərəf ciddi itkilərlə üz-üzədir. Amma Rusiya məqsədindən əl çəkmir”.

Politoloqun fikrincə, Trampın tətbiq edəcəyi yeni sanksiyaların da ciddi təsiri olmayacaq: “Trampın gələcəkdə tətbiq edəcəyi sanksiyaların işləyəcəyi ehtimalı çox azdır. Bu da əslində müharibənin daha uzun müddət davam etməsi deməkdir”.

Əlaqəli Xəbərlər