“Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Vaşinqtonda keçirəcəyi görüş, şübhəsiz ki, Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcı olacaq”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.
Onun sözlərinə görə, uzun müddətdir – xüsusilə də Rusiya bu cür görüşlərə və danışıqlara vasitəçilik edib və hər dəfə Rusiya bu proseslərə müdaxilə etdikdə, tərəflər arasında gərginlik yaşanıb: “Xüsusilə Ermənistan tərəfindən atəşkəsin pozulması halları müşahidə olunub və vəziyyət daha da gərginləşib.
Amma Amerika Birləşmiş Ştatları faktiki olaraq hər iki tərəfin ortaq məxrəcə gəlməsi üçün çalışır və bu zaman təxribatlara yol vermədən, hansısa bir tərəfin mövqeyində dayanmadan neytral mövqe nümayiş etdirir. Bu baxımdan düşünürəm ki, keçiriləcək görüşlər – istər Prezident Donald Trampın özü ilə, istərsə də Azərbaycan və Ermənistan rəhbərlərinin birgə keçirdiyi görüşlər və imzalayacağı sənədlər – bölgəmizdə sülhün dayanıqlı olması üçün mühüm töhfə verəcək.
Bundan sonrakı mərhələdə tərəflər silaha əl atmadan, gərginlik yaratmadan, bir-birilə daha rahat şəkildə razılaşa biləcəklər. Təbii ki, bu prosesin bu şəkildə baş tutmasında ABŞ-ın indiki prezidenti Donald Trampın rolunu da nəzərə almamaq olmaz. O, prosesi uğurla yekunlaşdırmaq üçün ciddi şəkildə çalışır.
Azərbaycan tərəfi bu prosesin uğurla nəticələnməsi üçün illərdir əzmlə çalışır. Sadəcə olaraq, üçüncü tərəf kimi Rusiyanın, eyni zamanda Fransanın müdaxiləsi bu istiqamətdə ciddi maneələr yaradıb. Bu müdaxilələr artıq aradan qalxdığı üçün və Amerika Birləşmiş Ştatları da prosesdə təminatçı kimi çıxış etdiyi üçün hesab edirəm ki, nəticə həm tərəflər, həm də ümumilikdə region üçün faydalı olacaq”.