Yalnız İlham Əliyev bacardı…


Dünənin “münaqişə ocağı”nda bu gün “sülh” bəyanatı səslənir

8 avqust 2025-ci il Cənubi Qafqazın münaqişə və toqquşmalardan xilas olub yeni dövrə qədəm qoyması baxımından silinməz tarix kimi yaddaşlara yazıldı. ABŞ Prezidednti Donald Trampın birbaşa təşəbbüsü ilə Ağ Evdə keçirilən tarixi görüş və imzalanan sənədlər təkcə Cənubu Qafqaz üçün deyil, bütün dünya üçün yeni səhifə açdı. Tarix göstərir ki, ABŞ, bəzi qısamüddətli istisnaları çıxmaq şərtilə, demək olar ki, bütün dövrlərdə dünyada müxtəlif münaqişələrin və inqilabların başlıca aktoru kimi tanınıb. Qərb dəyərlərinin “ixracı” adı altında müxtəlif demokratiya institutları vasitəsilə inqilablar hazırlamaq, regionlarda süni qarşıdurma yaratmaq bu siyasətin əsas dayaqları olub. Lakin ABŞ-ın indiki rəhbərliyi, xüsusilə Prezident Donald Tramp, həmin institutların yalançı fəaliyyətini ifşa edərək, qlobal siyasətdə yeni münasibətlər sisteminin bünövrəsini qoydu: barış və iqtisadiyyat.

Bu gün Vaşinqtonun prioritet hədəfi davam edən münaqişələrin sülh yolu ilə həllinə nail olmaqdır. Bir vaxtlar “münaqişə ocağı” kimi tanınan güc mərkəzi, indi sülhün təşəbbüskarı rolunu oynayır. Dünyanın düzəni dəyişir, güc mərkəzləri yerini yeni aktorlara verir. Bu dəyişikliklərin fonunda Azərbaycan lideri İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri yeni tarixin başlanğıcı, yeni mərhələyə keçiddir.

Strateji müttəfiqlik və Qərbə mesaj

Prezidentin səfərinin gündəliyini iki əsas istiqamətdə qiymətləndirmək olar. Birincisi, Azərbaycan–ABŞ ikitərəfli əlaqələrinin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi və əməkdaşlıq formatının yaranması.

İkincisi, Azərbaycan-Ermənistan münasibətlırinin nizamlanması, sülh danışıqlarının pik nöqtəsi və illərlə anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan Qərbə açıq mesaj. Bu həm də illərlə Qafqazda münaqişələri uzadaraq “hakimlik” etmək istəyən dairələrə qarşı kəskin xəbərdarlıqdır.

Tarixin zibilliyinə tullanan ATƏT- in Minsk Qrupu

Uzun illər boyu ATƏT-in Minsk Qrupu vasitəsilə Qarabağ məsələsini həll etmək adı altında prosesin uzadılması, faktiki olaraq anti-Azərbaycan fəaliyyət göstərilməsi hər kəsə məlumdur. Təsəvvür etmək çətindir ki, bu gün həmin qurumun həmsədrlərindən biri olan ABŞ-ın ev sahibliyi etdiyi görüşdə, Prezident İlham Əliyev, Prezident Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan Minsk Qrupunun yarıtmazlığını açıq şəkildə müzakirə edərək onun tarixi iflasını təsdiqləyirlər. Bu, İlham Əliyevin böyük strateq, siyasətdə ustad olduğunu bir daha sübutudur. Bu xarizmatik liderə məxsus ən böyük xarakter və bacarıqdır. Yaranmış siyasi vəziyyəti zamanında dəqiq qiymətləndirmək və rəqibə sarsıdıcı zərbə vurmaq yalnız dahi şəxsiyyətlərə məxsusdur.

Sülh gündəliyi

Görüşün əsas mövzularından biri Azərbaycan–Ermənistan sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistanın təxminən 5 ilə yaxın müddətdə “Sülh kəsişməsi” adlı utopik layihə ilə vaxtı uzatmaq cəhdlərinə baxmayaraq, Azərbaycan öz böyük strateji məqsədlərindən birinə nail olur.

Bu gün Vaşinqtonda müzakirə edilən “Tramp yolu” adı altında təqdim olunan layihənin mahiyyəti hər kəsə bəllidir. Söhbət Zəngəzur dəhlizindən gedir. İlham Əliyev ilk gündən milli maraqlara söykənən şərtlərə, maneəsiz keçid prinsipində israr edərək buna nail olub. Artıq bu dəhlizin idarəetmə mexanizmi ABŞ-ın nəzarətində olacaq. Bu isə o deməkdir ki, Rusiya, Avropa və İran molla rejimi bundan sonra Qafqazdakı “qırmızı xətləri” Vaşinqtonla müzakirə etməli olacaq.

Zəngəzura və Qərbi Azərbaycana ləyaqətli dönüşün başlanğıcı

Prezident İlham Əliyevin “Biz Qərbi Azərbaycana ləyaqətli şəkildə dönəcəyik” bəyanatı strateji reallığa çevrilməkdədir. Zəngəzur dəhlizinin açılması, faktiki olaraq, bu qayıdışın infrastruktur zəminini yaradır. Azərbaycan xalqı tarixi torpaqlarına gedən yolda daha bir mühüm mərhələni geridə qoyur. Bu ata-baba yurdumuza ləyaqətli qayıdışdır.

Regional münasibətlər sistemində yeni formatlar

ABŞ-ın Cənubi Qafqazda mövcudluğu artıq ənənəvi baxışlardan uzaqlaşıb. Burada yalnız hərbi-siyasi deyil, iqtisadi və infrastruktur yönümlü əməkdaşlıq modelləri önə çıxır. Regional münasibətlər sistemində yeni formatların yaranması, çağırışların dəyişməsi Azərbaycan diplomatiyasının uğurlu strategiyasının nəticəsidir. Məhz İlham Əliyevin istəyi ilə ABŞ Azərbaycan – Ermənistan sülh prosesində fəal iştirakçıya çevrilib.

Vaşinqton görüşü təkcə bir diplomatik hadisə deyil, həm də regionda güc balansının yenidən formalaşmasının göstəricisidir. Qafqazda uzunmüddətli sülhün təmin olunması, Zəngəzur dəhlizinin reallaşması və Qərbi Azərbaycana dönüşün başlanması istiqamətində tarixi addım atılıb.

Bu gün imzalanan sənədlərin və aparılan müzakirələrin nəticəsi olaraq Cənubi Qafqazda sülh və inkişaf dövrünün qapıları açılır. Azərbaycan liderinin iradəsi, diplomatiyası və milli maraqlara söykənən siyasəti bu prosesdə ən güclü təminatdır.

907-ci düzəliş tarixə gömüldü…

Ağ Evdə dünən keçirilən o tarixi görüşün əsas nəticələrindən biri də Donald Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması da böyük əhəmiyyət kəsb edir. Bu da çox mühüm əhəmiyyət kəsb edir. Çünki vaxtilə ABŞ-dan dövlət yardımının göstərilməsi ümumiyyətlə qadağan edilmişdi. O vaxtkı ABŞ hakimiyyəti – Bayden, Blinkin administrasiyası Əfqanıstan əməliyyatları başa çatandan sonra dərhal 907-ci düzəlişi tətbiqini davam etdirdi. Bəli, dövlət başçılarının dünənki görüşü çərçivəsində Azərbaycana qarşı ədalətsiz bir sənədin tətbiqinin dayandırılması da ölkələrimiz arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək. Beləliklə ABŞ-Azərbaycan münasibətləri üçün yeni dövr başlayır. Strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və dinamik inkişaf!

Bəhruz Quliyev

Əlaqəli Xəbərlər