“Yay Fest” gənclər üçün inkişaf və əyləncənin mərkəzinə çevrilib


Azərbaycanın ən böyük gənclər festivalı “Yay Fest” çərçivəsində Şamaxıda gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş, həm öyrədici, həm də əyləncəli “İnkişaf” düşərgəsi həyata keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, festivalın sayca 5-ci olan bu düşərgəsi 18-25 yaş aralığında 250 nəfər gənci bir araya gətirərək onlara yeni biliklər qazanmaq, yaradıcı fəaliyyətlə məşğul olmaq və asudə vaxtlarını səmərəli keçirmək imkanı yaradıb.

“Konstitusiya və Suverenlik İlinə” həsr olunan festivalın bu həftəki proqramında ölkəmizin gələcəyinin formalaşdırılmasında əsas sütun hesab olunan gənclərin dövlətçilik prinsiplərinə uyğun hərtərəfli inkişafını təmin etmək məqsədilə müxtəlif mövzularda təlimlər, sessiyalar və komanda oyunları təşkil edilib. Həyata keçirilən bu kimi fəaliyyətlərin əsas qayəsi ölkəmizin və ölkə gəncliyinin inkişafının bir-birindən ayrılmaz iki proses olduğunu aşılamaq olub. Bununla yanaşı, “İnkişaf” düşərgəsi gənclərin yeni dostluqlar qurması, özlərini ifadə etməsi və real təcrübələr əsasında gələcək fəaliyyətlərində faydalana biləcəkləri biliklər toplaması üçün mühüm platforma rolunu oynayıb. Belə ki, “İlkin tibbi yardım” və “Dağlıq şəraitdə təhlükəsiz hərəkət” təlimləri, gil sənəti üzrə master-klass, intellektual oyun və yoqa kimi fəaliyyətlər gənclərin şəxsi inkişafını dəstəkləmək, peşəkar bacarıqlarını artırmaq və komanda ruhunu gücləndirmək məqsədi daşıyıb. Eyni zamanda, Vətən müharibəsi qaziləri, Gənclər üçün Prezident mükafatına layiq görülmüş şəxslər, “Tağıyev” sənədli filminin aktyor və quruluşçu heyəti ilə görüşlər iştirakçıların vətənpərvərlik ruhunu daha da yüksəldib. Hər günün sonunda təşkil edilən konsert proqramı və ocaq ətrafında səmimi söhbətlər isə gənclərə unudulmaz yay təcrübəsi bəxş edib.

Avqustun 29-dək davam edəcək “Yay Fest” çərçivəsində ümumilikdə 2000-dən çox gənc iştirak edəcək və bu ilin əlamətdar ruhuna uyğun olaraq “Milli- mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” adlı 8 ardıcıl düşərgə təşkil ediləcək.

Xatırladaq ki, illərdir keçirilən və gənclər üçün ənənə halını alan “Yay Fest” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı,“CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd edək ki, gənclər http://yayfest.az/ veb-səhifəsi veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak etmək üçün seçimlərə qatıla bilərlər. Seçimlər zamanı ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək.

Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün “Yay Fest”in instaqram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.



Əlaqəli Xəbərlər