“İlham Əliyev Vaşinqtonda imzaladığı sənədlə 35 illik gərginliyə son qoydu”


“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev, son illərdə apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində bölgənin gələcək inkişafına mühüm təsir göstərəcək tarixi addımlar atmışdır. ABŞ-ın paytaxtı Vaşinqtonda imzalanan sənəd, 35 ildən artıq davam edən Ermənistan–Azərbaycan qarşıdurmasına son qoymaq istiqamətində həlledici mərhələ olmuşdur. ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birlikdə atılan bu imza, Cənubi Qafqazda sülhün, sabitliyin və tərəqqinin yolunu açmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Hulusi Kılıç sözlərinə belə davam edib: “Vaşinqton sammiti həmçinin Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcını qoymuşdur. 1992-ci ildən qüvvədə olan, Azərbaycanın ABŞ-dan bir sıra müdafiə və sənaye məhsullarını idxalına qoyulan embarqo 33 ildən sonra aradan qaldırılmışdır. Tərəflər arasında strateji tərəfdaşlıq haqqında imzalanmış saziş sənaye, süni intellekt, kommunikasiya, enerji və digər sahələri əhatə etməklə, əməkdaşlığın genişlənməsinə zəmin yaradır.

Ermənistan–Azərbaycan münasibətlərində xüsusi əhəmiyyət daşıyan Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılıq, yaxın gələcəkdə dəhlizin açılacağını təsdiqləyir. Razılaşmaya əsasən, Azərbaycan vətəndaşları bu marşrutdan gömrük və polis nəzarəti olmadan sərbəst istifadə edə biləcəklər ki, bu da mühüm siyasi və iqtisadi nailiyyət hesab olunur.

Prezident İlham Əliyev müharibə dövründə belə sülhə hazırlıq aparan və sonrakı mərhələdə də bölgədə sabitliyin qorunması üçün qətiyyətli addımlar atan lider kimi çıxış edir. Türkiyə Respublikasının daima Azərbaycanın yanında olması, bu proseslərin davamlılığını və bölgədə yeni dövrün formalaşmasını təmin edəcəkdir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər