Azərbaycandakı cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın icrası üzrə icraçı qurumlarla indikator cədvəlinin formalaşdırılması ilə əlaqədar ilk iclas keçirilib. SİA bu barədə İİTKM-ya istinadən xəbər verir.

Mərkəzin icraçı direktorunun müavini Ayaz Museyibov sözügedən Fəaliyyət Planının icrası ilə bağlı Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsaslanan tapşırıqlar, atılacaq addımlar və hesabatlılıq mexanizmi barədə ətraflı məlumat verib.

Görüşdə Fəaliyyət Planının Tədbirlər planı üzrə indikator cədvəlinin formalaşdırılması üçün icraçı qurumlara nümunəvi forma nümayiş etdirilib, indikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, əlaqələndirmə məsələləri, gələcəkdə görüləcək işlər, qarşıda duran vəzifələr və sərəncamda nəzərdə tutulduğu kimi Fəaliyyət Planının monitorinq və qiymətləndirilməsinin Modul üzərindən həyata keçirilməsi prosesi barədə müzakirələr aparılıb.

İclasda Nazirlər Kabinetinin, Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ədliyyə Nazirliyinin sifarişi əsasında İİTKM həyata keçirir.

Əlaqəli Xəbərlər