Süni intellekt tibbi görüntü analizində inqilab edir


Avstraliyada süni intellekt texnologiyaları tibbi görüntü analizində yeni mərhələyə qədəm qoyur. Avstraliya Elektron Sağlamlıq Tədqiqat Mərkəzinin (AEHRC) alimləri vizual dil modellərindən (VLM) istifadə edərək rentgen görüntülərinin şərhində inqilabi dəyişikliklər üzərində çalışırlar. SİA “MedicalXpress” portalına istinadla xəbər verir ki, layihənin rəhbərlərindən biri, tədqiqatçı Aaron Nikolson komandasının, xüsusilə döş qəfəsi rentgenoqrafiyası üzərində fokuslandığını bildirib. Bu müayinə ürək və tənəffüs xəstəliklərinin diaqnozunda, ağciyər xərçəngi skrininqində, həmçinin tibbi cihazların yerləşdirilməsinin yoxlanmasında geniş istifadə olunur. Lakin Avstraliyada radioloq çatışmazlığı səbəbindən bu sahədə iş yükü getdikcə artır. Yeni hazırlanan VLM modeli rentgen şəkilləri və xəstə haqqında tibbi məlumatlar əsasında avtomatik radioloji hesabatlar tərtib edir. Modellərin təlim prosesi yüzlərlə və minlərlə nümunə üzərində aparılır və əlavə olaraq təcili yardım şöbəsindən xəstənin klinik qeydlərinin verilməsi hesabatların dəqiqliyini artırıb. Tədqiqatçılar texnologiyanın kliniki sınaqlar üçün yetərli səviyyəyə çatdırılmasını hədəfləyirlər. Hazırda Brisben şəhərindəki Princess Alexandra Xəstəxanasında pilot sınaqlar aparılır və süni intellekt tərəfindən yaradılmış hesabatlar insan radioloqlarının işləri ilə müqayisə olunur. AEHRC, eyni zamanda, tibbi sənədlərin görüntü formatında emalını araşdırır. Bunun məlumat çıxarılmasında daha səmərəli nəticə verdiyi qeyd olunur. Tədqiqatçılar etik məsələlərə xüsusi diqqət yetirərək texnologiyanın bütün demoqrafik qruplar üçün effektiv olmasını təmin etməyə çalışırlar.

Mütəxəssislər vurğulayırlar ki, bu texnologiya həkimləri əvəz etmək məqsədi daşımır və klinik qərarlarda son söz həmişə insan radioloqa məxsus olacaq.

Əlaqəli Xəbərlər