“Böyük Qayıdış Qarabağı regionun ən inkişaf etmiş mərkəzinə çevirəcək”


“Böyük Qayıdış prosesi Azərbaycanın müasir tarixində ən böyük sosial-iqtisadi reabilitasiya layihəsidir. Bu, sadəcə insanların öz doğma yurdlarına qayıtması deyil, həm də illərlə işğal altında qalmış torpaqların yenidən milli iqtisadi dövriyyəyə qaytarılmasıdır. Dövlətin bu istiqamətdə gördüyü işlərin miqyası, əslində, yeni şəhərlərin sıfırdan qurulmasına bərabərdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə artıq yüzlərlə kilometr yeni yol çəkilib, Füzuli, Zəngilan və Laçında müasir hava limanları fəaliyyətə başlayıb. Elektrik enerjisi və su təchizatı xətləri bərpa olunur, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında yaşayış məntəqələri salınır: “Bu, yalnız infrastruktur layihəsi deyil — burada insanların rahat, təhlükəsiz və dayanıqlı şəkildə yaşaması üçün müasir urbanizasiya standartları tətbiq olunur.

Köç prosesi isə mərhələli şəkildə həyata keçirilir. İlk mərhələdə təhlükəsizlik tam təmin edilir, mina təmizləmə işləri başa çatdırılır, sosial obyektlər — məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri istifadəyə verilir. İkinci mərhələdə isə iqtisadi fəallığın artırılması üçün istehsal müəssisələri, kənd təsərrüfatı layihələri və turizm infrastrukturu qurulur.

Bu qayıdış, sadəcə demoqrafik göstəricilərin bərpası deyil, həm də milli kimliyin, mədəni irsin və tarixi ədalətin bərpasıdır. İllərlə yurd həsrəti çəkmiş insanların evlərinə dönməsi, orada yenidən həyat qurması Azərbaycan dövlətinin gücünü, xalqının isə iradəsini nümayiş etdirir. Nəticədə Qarabağ və Şərqi Zəngəzur bölgəsi yaxın illərdə Cənubi Qafqazın ən inkişaf etmiş, ən sabit və ən perspektivli regionlarından birinə çevriləcək”.

Əlaqəli Xəbərlər