“Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə paraflanan sülh sazişi özündə təkcə ölkələrin ərazi bütövlüyü və suverenliyinin tanınmasını, sərhədlərimizdən üçüncü dövlətlərin qüvvələrinin, yəni Aİ Müşahidə missiyasının çıxarılmasını, ölkə daxilində olan separatizm çağırışlarına son qoyulması kimi mühüm məsələləri deyil, həm də beynəlxalq təşkilatlara münasibəti, diplomatik münasibətlərin bərpasını, iqtisadi, siyasi, humanitar sahədə problemlərin həllini ehtiva edir”. Bu barədə politoloq Yusif Bağırzadə SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, sazişin XI maddəsində açıq şəkildə göstərilib ki, saziş tərəflərin üçüncü dövlətlərlə münasibətlərini məhdudlaşdırmır, onların hər birinin digər BMT üzv dövlətləri ilə bağlanmış müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmir: “Bu o deməkdir ki, həm Azərbaycan, həm də Ermənistan uyğun bildiyi istənilən ölkə və birliklə, beynəlxalq təşkilatlarla münasibətləri hansı şəkildə inkişaf etdirməkdə tamamilə sərbəstdirlər. Əsas vacib olan məsələ bu münasibətlərin saziş öhdəliklərini və sərhəd təhlükəsizliyi balansını pozmamasıdır”.
Diplomatik münasibətlərin bərpasına gəldikdə isə Yusif Bağırzadə qeyd edib ki, bu sazişin V maddəsində nəzərdə tutulub: “Həmin maddəyə görə, sülh sazişi imzalandıqdan və ratifikasiya olunduqdan sonra tərəflər, öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-cü illərin) müddəalarına uyğun olaraq diplomatik münasibətləri quracaqlar. Bu o deməkdir ki, saziş qüvvəyə minməsindən sonra səfirliklərin və ya konsulluqların açılması, hər hansı diplomatik missiyanın yaradılması və statusu barədə razılaşma, həmçinin siyasi məsləhətləşmələrdən iqtisadi komissiyalara qədər standart ikitərəfli mexanizmlərin işə düşməsi mümkündür. Düşünürəm ilkin mərhələdə hər hansı üçüncü ölkədə, məsələn Gürcüstanda olan səfirliklərə bu fəaliyyəti həyata keçirməklə bağlı səlahiyyətlər verilə bilər”.
Politoloq əlavə edib ki, sazişin imzalanması regionda iqtisadi, sosial və humanitar vəziyyətə də öz təsirini göstərəcək: “Xüsusilə də, münaqişə dövründə itkin düşmüş şəxslərin talelərinin müəyyənləşməsi üçün tədbirlərin görülməsinə imkan yaradacaq. Bu məsələ sazişin IX maddəsində öz əksini tapıb. O cümlədən də sazişin X maddəsi özündə iqtisadiyyat, tranzit və nəqliyyat, ətraf mühit və eləcə də humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün qarşılıqlı maraq kəsb edən aidiyyəti istiqamətlər üzrə ayrıca razılaşmaların bağlanmasına imkan yaradır”.
Yusif Bağırzadə bildirib ki, bütün bunlar bir daha paraflanmış sazişin regionda sülhə və sabitliyə, eləcə də müxtəlif sahələrdə inkişafa təkan verə biləcəyini deməyə əsas verir.