“Zəngəzur Dəhlizi regionu dəyişəcək”


“Cənubi Qafqazda artıq yeni mərhələ başlayıb. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında ABŞ-da sülh sazişinin mətninin paraflanması barədə birgə bəyanatın imzalanması Cənubi Qafqazda bir mərhələnin sona çatdığını göstərirdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, həmin imzaların atılmasından dərhal sonra Cənubi Qafqazda demək olar ki, yeni mərhələ başladı və bu mərhələdə Rusiyanın regiondakı mövqeləri əvvəlki səviyyədə və təsirdə deyil. Əksinə, Rusiya öz təsirini bu regionda əhəmiyyətli dərəcədə itirməyə başlayır: “Bundan sonra da açıq şəkildə görünür ki, Cənubi Qafqazda Rusiyanın geosiyasi və geostrateji mövqeləri artıq Kremlin yaxın siyasi dairələrində etiraf olunur. Rusiyada siyasi dairələr artıq anlayırlar ki, Cənubi Qafqaz Kremlin nəzarəti olmadan tamamilə fərqli istiqamətə yönəlir.

Rusiya artıq təsir dairəsindən tamamilə çıxmaq üzrədir. Azərbaycan və Rusiya münasibətləri ikitərəfli xarakter daşıyır və Azərbaycan bərabərhüquqlu münasibətlərdən kənar heç bir formatı qəbul etmir. Ermənistan isə birmənalı şəkildə qərb inteqrasiyası siyasəti aparır və onilliklər boyu Rusiyanın nəzarətində olan proses artıq Kremlin təsir dairəsindən çıxıb. Daha əvvəl Cənubi Qafqazda Rusiya arbitrlik rolunu oynayırdı və son dövrlərə qədər bu rolu saxlamağa çalışırdı.

Lakin artıq Rusiyanın Cənubi Qafqazda arbitrlik rolu mövcud deyil. İndi Cənubi Qafqazdakı sülh prosesinə və Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına hazırlıq prosesi ABŞ vasitəçiliyi ilə həyata keçirilir. Bu da ABŞ-a regionda möhkəmlənmək və geosiyasi oyunçu statusu əldə etmək üçün hüquqi və siyasi mexanizmlər qazandırır.

Azərbaycan və Ermənistan arasındakı vasitəçilik ABŞ-a belə imkanlar yaradır. Bu baxımdan artıq Rusiya və İran Cənubi Qafqazdan demək olar ki, kənarlaşdırılıb. Bundan sonra regionda Rusiyanın hegemonluq etməsi və İranın kobud müdaxilə ilə vəziyyəti pozmağa çalışması asan olmayacaq.

Belə hesab etmək olar ki, bundan sonrakı proseslər, xüsusilə də Zəngəzur Dəhlizi və ya Tramp Körpüsü adlanan geoiqtisadi layihələrin işə salınması Cənubi Qafqazı tamamilə yeni, yüksək səviyyəyə qaldıracaq. Regionun iqtisadi inkişaf perspektivləri tam mənada işə düşəcək və Cənubi Qafqaz dünyanın ən strateji nəqliyyat-tranzit qovşağına çevriləcək. Bu isə region dövlətlərinin gələcək inkişafında xüsusi əhəmiyyət daşıyacaq.

Bütün bunlar göstərir ki, Cənubi Qafqaz artıq yeni mərhələyə daxil olub və bu mərhələdə Rusiya və İranın yeri yoxdur. ABŞ və tərəfdaşlıq münasibətləri daha cəsarətlə inkişaf etməyə başlayacaq. Ən önəmlisi isə hazırkı vəziyyətin yaranmasında, Cənubi Qafqazın yeni tarixi inkişaf mərhələsinə qədəm qoymasında Azərbaycan Prezidenti İlham Əliyevin tam dəqiqliklə hesablanmış, qətiyyətli və prinsipial xarici siyasətinin rolu böyük əhəmiyyət daşıyır”.

Əlaqəli Xəbərlər