“Aparıcı dövlətlər İranın hərəkətlərindən narahatdır”


“Bugünkü İranın vəziyyəti çox çətindir. İran iqtisadiyyatı dünya ölkələri ilə müqayisədə çox aşağı səviyyədədir. İnsanlar yaşayış üçün və ailələrini dolandırmaq üçün pul tapa bilmir, üstəlik son zamanlar su çatışmazlığı kimi problemlər də ortaya çıxıb. Bu gün İran insanları içməli su problemi ilə üzləşir, həyat səviyyəsi aşağıdır və işsizlik getdikcə artır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, hakimiyyət isə bu problemlərin həlli üçün ciddi tədbirlər görmür və ya görə bilmir. Təbii ki, bütün bu problemlərin səbəbini hakimiyyət daxilində deyil, onlara qarşı tətbiq olunan sanksiyalarda görürlər: “ABŞ və digər qərb ölkələrinin İranla bağlı apardığı siyasəti, eləcə də İsrailin onlara qarşı həyata keçirdiyi hərbi tədbirləri buna misal göstərirlər. Əslində, İrana qarşı tətbiq olunan sanksiyaların ölkədə vəziyyətin pisləşməsində ciddi rolu vardır. Yəni, bu gün İran normal ölkə kimi heç bir ölkə ilə ticarət apara bilmir, əlaqələr qura bilmir və heç bir ölkə ilə münasibətlərini inkişaf etdirə bilmir.

Eyni zamanda, İran hökuməti və hakimiyyətdəki ruhani rejim vəziyyətin belə olmasını əsasən ABŞ və digər dövlətlərin siyasətinə bağlayır. Lakin məsələ burasındadır ki, ABŞ və dünyanın digər ölkələri İrana qarşı sanksiyalar tətbiq edirsə, bunun əsas səbəbkarı İran rejiminin özü deyilmi? Əgər İran rejimi nüvə proqramı üzrə tətbiqatlarda çəkinsə və ABŞ ilə danışıqlarda qəbul edilməyən şərtləri zorlamasa, təbii ki, onun üzərinə sanksiyalar tətbiq olunmazdı.

Bugünkü vəziyyətdə İran hökuməti ABŞ ilə danışıqlar prosesindədir. Əvvəlki danışıqlar nəticə vermədiyinə görə, ABŞ və İsrail onun nüvə obyektlərini və bazalarını raket zərbələri ilə vurublar. Bu isə İranda insanların vəziyyətinin pisləşməsinə səbəb olub. ABŞ və İsrail bununla kifayətlənmir; İran danışıqlar masasında onların tələblərini qəbul etməzsə, ona qarşı yeni hücum planları da hazırlanmış kimi görünür. Bu baxımdan, İranda hakimiyyətdəki fars və ruhani rejim təhlükəni qabaqcadan görür, lakin buna baxmayaraq, istədikləri kimi hərəkət etməyə çalışırlar.

İstədikləri kimi hərəkət etmək dedikdə, təbii ki, nüvə proqramı sahəsində tədqiqatları davam etdirmək və hərbi sahəni inkişaf etdirmək nəzərdə tutulur. Bütün bunlar ABŞ, İsrail və Avropa ölkələrinin xoşuna gəlməyən məsələlərdir və İranı bu sahələrdə çəkinməyə vadar edirlər. Amma İran rejimi hesab edir ki, nüvə proqramı, uranın zəngləşdirilməsi onun haqqıdır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Digər dövlətlər isə, aparıcı ölkələr, uranın zəngləşdirilməsindən məqsədin nüvə silahı olduğunu düşünür və məhz buna görə də İranın nüvə tədqiqatlarına qarşı çıxırlar. ABŞ açıq şəkildə bəyan edir ki, İran uranın zəngləşdirilməsindən imtina etməsə, ona qarşı hücumlar davam etdiriləcək. Təbii ki, İran hökuməti vaxtında ABŞ ilə masada oturub danışıqlar aparsa, müəyyən nəticələr əldə etmək imkanı qazana bilər”.

Əlaqəli Xəbərlər