“Azərbaycanda multikulturalizm geniş yayılıb”


“Multikulturalizm (çoxmədəniyyətlilik) bir cəmiyyətdə müxtəlif mədəniyyətlərin, dillərin, dinlərin və etnik qrupların yanaşı və dinc şəkildə mövcudluğunu qəbul edən və təşviq edən sosial və siyasi ideologiyadır”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, bu anlayış mədəni müxtəlifliyi dəyər kimi qəbul edir, azlıqların hüquqlarını qorumağı və onların öz kimliklərini saxlamaqlarını dəstəkləyir, assimilyasiya (fərqlərin aradan qaldırılması) əvəzinə inteqrasiyanı (uyğunlaşmanı) təşviq edir: “Multikulturalizm əsasən Qərb ölkələrində, xüsusilə Kanada, Avstraliya və bəzi Avropa ölkələrində dövlət siyasəti kimi inkişaf edib.Bu ideologiyanın bizim cəmiyyətimizə həm müsbət, həm də mənfi tərəfləri var. Bir tərəfdən, cəmiyyətdə dözümlülük, qarşılıqlı hörmət və mədəni zənginlik yaradır. Digər tərəfdən isə bəzi hallarda bu siyasət milli-mənəvi və dini dəyərlərlə ciddi şəkildə ziddiyyətə girir.

Azərbaycan yerləşdiyi coğrafi mövqeyə görə Qafqazın kəsişməsində, Şərqlə Qərbin arasında əsrlər boyu müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada yaşadığı bir məkana çevrilib. Tarix boyu burada Türk, fars, ərəb və rus mədəniyyətlərinin təsiri olub, müsəlmanlar (şiə və sünni), xristianlar (alban pravoslavları, rus pravoslavları, ermənilər) və yəhudilər dinc yanaşı yaşayıblar.

Bakı, Gəncə, Şəki, Quba kimi şəhərlərdə çoxmillətli icmalar formalaşıb. Son 10 ildə Azərbaycanda da multikulturalizmin inkişaf etdiyini müşahidə edirik. Dövlət bu sahədə bir sıra ciddi addımlar atıb: 2016-cı ilin “Multikulturalizm ili” elan olunması, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, ali məktəblərdə bu mövzuda dərslərin keçirilməsi və s.

Lakin bu ideologiya bizim milli-mənəvi və dini dəyərlərimizə zidd olmadan tətbiq edilməlidir. Qeyd etmək lazımdır ki, bəzi Qərb ölkələrində multikulturalizm çərçivəsində LGBT, radikal feminizm və digər sosial ideyalar da təşviq edilir. Biz inanclı, müsəlman bir cəmiyyət olaraq bu kimi məsələləri öz əxlaqi və dini dəyərlərimizə uyğun qiymətləndirməliyik.Cəmiyyətimiz müsəlman cəmiyyəti olduğuna görə biz İslamda da multikulturalizmə yerinə nəzər salmalıyıq”.

Ekspert qeyd edir ki, islamın çoxmədəniyyətliliyə münasibəti prinsipial olaraq müsbətdir, lakin müəyyən şərtlərlə: “Biz bilirik ki, Qurani Kərimdə etnik və mədəni müxtəliflik tanınır. Qurani Kərimdə Allah Təala insanların müxtəlif millətlərə və tayfalara bölünməsini öz hikmətinə uyğun olaraq izah edir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sizi tayfalara və qəbilələrə böldük ki, bir-birinizi tanıyəsiniz…” (Suratul Hucurat, 13)

Bu ayə göstərir ki, İslam etnik və mədəni fərqliliyi təbii və qəbul edilən bir hal kimi görür. Peyğəmbər dövründə tolerantlıq nümunələrinə də kifayət qədər rast gəlinir. Peyğəmbər Məhəmməd dövründə də mədəni və dini müxtəlifliyə hörmət göstərilmişdir. Mədinə Sazişi müsəlmanlarla yanaşı yəhudilərin və digər icmaların hüquqlarını tanımış, birgəyaşayış prinsipləri üzərində qurulmuşdu.

İslam fərqli mədəniyyətlərin yaşamasını qəbul edir, əgər bu mədəniyyətlər insan haqlarına zidd deyilsə, ictimai əxlaq və ədalətə qarşı deyilsə, zorla yayılmağa çalışmırsa.

İslam dini ədalət, bərabərlik və insan ləyaqəti kimi universal dəyərləri əsas tutur. Bu baxımdan, multikulturalizmin bu dəyərlərlə uyğun olan hissələri İslamla ziddiyyət təşkil etmir. İslam multikulturalizmi şərtli şəkildə qəbul edir, fərqli mədəniyyətlərə və etnik qruplara hörmət etməyi, birgə yaşamağı qəbul edir. Lakin bu müxtəliflik İslamın əsas prinsipləri – əxlaq, ədalət və insaniyyətlə toqquşmamalıdır.

Azərbaycan da bu yanaşmanı mənimsəyərək, multikulturalizmi milli və dini dəyərlərimizə uyğun formada tətbiq etməlidir. Belə olan halda, həm cəmiyyət daxilində həmrəylik qorunacaq, həm də beynəlxalq aləmdə açıq bir cəmiyyət olaraq nüfuzumuz artacaq”.

Əlaqəli Xəbərlər