“Missiyanın bitməsi Qafqazda birbaşa sülh dialoqu üçün yeni imkanlar açır”


“Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının iflasa uğraması və artıq ehtiyac qalmaması, Cənubi Qafqazda sülh prosesinə real töhfə verə biləcək yeni siyasi və diplomatik şəraitin formalaşmasına zəmin yaradır. Azərbaycan uzun müddətdir bəyan edirdi ki, bu missiyanın fəaliyyəti elan olunan neytrallıq prinsiplərinə tam uyğun gəlmir, əksinə, “binokl diplomatiyası” adlandırılan yanaşma ilə daha çox Azərbaycanın mövqelərinə qarşı yönəlmiş addımlar atılır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, missiya əsas mandatından kənara çıxaraq, bölgədə obyektiv vasitəçi rolunu oynamaq əvəzinə, birtərəfli müşahidə və hesabatlarla prosesə konstruktiv deyil, daha çox siyasi rəng qatmağa çalışıb. Bunun nəticəsində məsələ beynəlxalq gündəmdə qalaraq, missiyanın real effektivliyi həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət tərəfindən sorğulanmağa başladı: “Missiyanın fəaliyyətinə son qoyulması, Azərbaycan və Ermənistan arasında birbaşa, vasitəçisiz etimad quruculuğu üçün daha əlverişli mühit formalaşdıra bilər. Xarici təsir və müdaxilə altında baş verən təxribatların azalması, sərhəd xəttində gərginliyin yumşalması və tərəflər arasında birbaşa dialoqun intensivləşməsi ehtimalı bu yeni mərhələdə xeyli artır. Bu yanaşma həm də regionun təhlükəsizlik arxitekturasında Qafqaz dövlətlərinin öz daxili resurslarına, əməkdaşlıq mexanizmlərinə və qarşılıqlı razılaşma potensialına daha çox güvənməsinə şərait yarada bilər.

Cənab Prezident İlham Əliyevin prinsipial mövqeyi, strateji baxışları və ardıcıl diplomatik səyləri nəticəsində regionda süni şəkildə yaradılan gərginlik amillərinin tədricən aradan qalxması müşahidə olunur. Bu, yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün deyil, həm də bütövlükdə Cənubi Qafqazda sabitlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik üçün yeni imkanların açılması baxımından mühüm bir dönüş nöqtəsidir.

Beləliklə, missiyanın bitməsi sülh prosesinə mane olan xarici təsir elementlərinin zəifləməsi, regional ölkələrin isə öz aralarındakı problemləri birbaşa həll etmək üçün daha çox təşəbbüs göstərməsi deməkdir. Bu isə, növbəti mərhələdə, bölgədə dayanıqlı sülh və əməkdaşlıq modelinin qurulması üçün tarixi bir fürsət kimi dəyərləndirilə bilər”.

Əlaqəli Xəbərlər