“Rusiya Cənubi Qafqazdan çıxarılır”


“Azərbaycan 30 illik işğaldan azad oldu. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi gündən — 2003-cü ildən — qarşısına qoyduğu məqsədə addım-addım, israrla irəlilədi, güclü ordu yaratdı, güclü iqtisadiyyat qurdu və nəticədə Azərbaycan işğal altında olan torpaqlarını yağı düşməndən azad etdi, suverenliyini bərpa etdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, qalib ölkə olaraq Azərbaycan məğlub ölkəyə sülh sazişinin şərtlərini irəli sürdü. Nəhayət, həmin sülh sazişi — müqavilə — 8 avqust tarixində paraflandı: “Bu, doğrudan da çox böyük bir hadisə idi. Son 200 ildə ilk dəfə olaraq Azərbaycan torpağı geri qaytarıldı.

Bu mənada Azərbaycan Prezidentinin titanik fəaliyyəti, apardığı siyasət və diplomatik gedişləri bu gün dünyada nümunə kimi göstərilir, təcrübəsi öyrənilir və bu səbəbdən Azərbaycan siyasəti həm Avropa İttifaqında, həm Amerikada, həm də digər ölkələrdə yüksək səviyyədə qəbul edilir.

Bizim üçün də böyük fəxrdir ki, dünyanın ən böyük hegemon dövləti olan ABŞ-ın Prezidenti Azərbaycan Prezidentini böyük lider adlandırır, ona hörmətlə yanaşır, “İlham Əliyev mənim dostumdur” deyir. Hətta ABŞ Prezidenti Donald Trump İlham Əliyevə Ağ Evin rəmzi olan açarı təqdim edib. Bu, çox böyük bir məsələdir. Tramp həmin mərasimdə bildirib ki, bu açar hər adama verilmir — yalnız nadir liderlərə təqdim olunur və o nadir liderlərdən biri də məhz İlham Əliyev olub.

Bəli, biz çox böyük bəlalardan qurtulduq. İndi isə regionda, Cənubi Qafqazda geosiyasi vəziyyət dəyişir. İndiyədək 200 ildən artıq bir müddət ərzində bu regionda Rusiya dominantlıq edirdi, təsiri altındaydı.

Ancaq 2024-cü ilin dekabrına qədər Rusiya ilə münasibətlərimiz normal idi. Lakin 2024-cü il dekabrın 25-də Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycan Prezidenti beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiyadan üzr istəməsini, təzminat ödəməsini və cinayəti törədənlərin cəzalandırılmasını tələb etdi. Təəssüf ki, qonşumuz Rusiya bu çağırışlara cavab vermədi, məsələyə barmaqarası yanaşdı və Azərbaycanı saymadı.

Bunun nəticəsində Azərbaycan apardığı müdrik siyasət və strateji addımlarla Rusiyanı Cənubi Qafqazdan çıxarmağa nail oldu. Bəli, qarşıda hələ məsələlər qalır. Yəni Rusiya hələ tam çıxarılmayıb. Amma artıq Azərbaycanda Rusiyanın heç bir dayağı yoxdur. “Beşinci kolon” adlandırılan ruspərəstlər də başa düşürlər ki, Azərbaycanda artıq səslərini çıxara bilməzlər.

Artıq Rusiyanın Cənubi Qafqazda məğlubiyyəti açıq şəkildə görünür. Çünki Rusiyasız Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Bu, ABŞ-da — Donald Trump-ın iştirakı və dəstəyi ilə baş tutub. Zəngəzur dəhlizi isə “Trump marşrutu” adı ilə fəaliyyət göstərəcək”.

Politoloq qeyd edir ki, bizim üçün fərqi yoxdur — əvvəllər üçtərəfli bəyanata əsasən, bu dəhlizə Rusiya nəzarət etməli idi. İndi isə bunu ABŞ edir. Bizim üçün əsas olan sabitlikdir. Fərq yalnız ondadır ki, Rusiya artıq Cənubi Qafqazdan çıxarılır və çıxarılacaq.

Məsələn, Ermənistan Baş naziri Paşinyan da hakimiyyətə gələndən bəri Rusiyaya qarşı addımlar atır. Onlar rus sərhədçilərini Zvartnots hava limanından çıxardılar, Türkiyə və İran sərhədlərində də rus sərhədçiləri əvəz olunub, erməni sərhədçiləri yerləşdirilib. Bütün bunlar göstərir ki, Ermənistanda da tabelikdən çıxmaq üçün müəyyən addımlar atılır.

Yəni Rusiya apardığı bədnam siyasətlə Cənubi Qafqazdan çıxarılacaq və bu, Azərbaycan Prezidentinin apardığı güclü və diplomatik siyasətin nəticəsində baş verəcək. Əlbəttə, biz hələ də tam təhlükədən xilas olmamışıq. Rusiya Azərbaycana təhdidlər edir. Onların Dövlət Dumasında bəzi deputatlar Azərbaycana hücum etmək, neft-qaz infrastrukturlarını bombalamaq çağırışları edirlər.

Lakin bu gün Azərbaycanın çox güclü müttəfiqləri var: Türkiyə, İsrail, Pakistan və indi də ABŞ — Donald Trump kimi liderin dəstəyi ilə. Ona görə də hesab edirəm ki, Rusiya yaxın zamanlarda Azərbaycana qarşı ciddi bir addım ata bilməyəcək. Əks halda, Rusiya özü daha ağır problemlərlə üzləşə bilər.

Nəticə etibarilə, aparılan düzgün siyasət sayəsində Azərbaycan inkişaf etdi, böyüdü, dünya iqtisadiyyatına töhfələr verdi, Avropa İttifaqının enerji təhlükəsizliyinə dəstək göstərdi və bu gün dünyanın lider ölkələrindən biri hesab olunur. Bütün bunlar xalqın və dövlətin milli maraqlarını qoruyan düzgün siyasətin nəticəsidir.

Əlaqəli Xəbərlər