“İnsanlar “təbii güc” deyə düşündükləri ədviyyatlı içkiləri çox vaxt faydalı olsun deyə qəbul edirlər, amma problem odur ki, hər təbii şey təhlükəsiz deyil və doza məsələsi çox vacibdir”. Bu barədə qida eksperti Fərid Səfərov SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bəzi məşhur ədviyyatlardan düzgün istifadə etmək lazımdır.
1. Darçın
Faydası: Qan şəkərini bir qədər aşağı sala bilər, antioksidant təsir göstərir.
Amma uzun müddət və çox miqdarda qəbul edildikdə qaraciyər zədələnməsi və qan laxtalanma pozğunluğu riski yaradır.
2. Zəncəfil
Faydası: İltihab əleyhinə təsir, həzmə kömək, ürəkbulanmanı azalda bilər.
Qan sulandırıcı təsiri güclüdür. Mədə turşuluğunu artırıb, qan təzyiqini salaraq başgicəllənmə verə bilər.
3. Zərdəçal (sarıkök)
Faydası: Güclü antiinflamatuar, qaraciyər dəstəkləyici təsir göstərir.
Öd daşı və ya öd yolları tıxanıqlığı olanlarda spazm və ağrını artıra bilər. Həddindən artıq istifadə mədə-bağırsaq pozğunluqlarına səbəb ola bilər.
Ekspert əlavə edib ki, bu qarışıqlardan “Çox içsəm, daha çox fayda alaram” düşüncəsi zəhərlənmə və qaraciyər, böyrək zədələnməsi riskini artırır.
“Daimi gündəlik istifadə zamanı bitkilərdəki aktiv maddələr dərman kimi təsir göstərə bilər, amma həkim nəzarəti olmadan uzunmüddətli istifadəsi təhlükəlidir. Əksər ədviyyatlar qan durulaşdırıcı, şəkər salıcı, təzyiq tənzimləyici təsir göstərdiyi üçün dərmanların təsirini artıra və ya azalda bilər”, — deyə Fərid Səfərov qeyd edib.
Səfərov, tövsiyə edir ki, ədviyyatlarla hazırlanmış detoks içkilərini müalicə məqsədli deyil, müxtəlif, balanslı qidalanmanın bir hissəsi kimi, həftədə 2-3 dəfə, kiçik porsiyada istifadə etmək daha təhlükəsizdir. Xroniki xəstəliyi olanlar (diabet, ürək-damar, qaraciyər, mədə xəstəlikləri) isə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidir.