“Toylar gənclərin yaradıcılığı ilə zənginləşir”


“Gənclik hər zaman dəyişiklik və özünün yenilikləri ilə fərqlənməyə çalışır. Bir növ, insan gənc yaşında liberal düşüncəyə malik olur, fərqli olmağa və özünü reallaşdırmaq üçün yeni formalar axtarır. Bu baxımdan, gənclərin hər hansı köhnə adət-ənənələrə, milli və dini bayramlara, xüsusi günlərə qatılması onları sosiallaşmağa və mədəniyyətlə tanış olmağa yönəltmək bir qədər çətindir”. Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, gənclərin özləri də xüsusi günlər və bayramlar yaradır: “Azərbaycanda gənclər daha çox toylarda özlərini ifadə etməyə çalışırlar. Toylarda rəqs edir, oyunlar təşkil edirlər, müxtəlif rəqslər və Avropa rəqsləri ilə özlərini nümayiş etdirirlər. Bu, onların sosiallaşmasının və yaradıcılığının bir formasıdır.

Bizim cəmiyyətimiz bir qədər konservativdir, lakin bu yanaşmanı yeniləmək lazımdır. Gənclərin psixologiyasına, dünya görüşünə və həyat tərzinə uyğun yeni bayram formatları yaratmaq vacibdir. Avropada və dünyada artıq milli bayramlar karnaval xarakteri daşıyır, rəqs, oyun və sosiallaşma tədbirlərinə çevrilib. Bizdə isə bayramlar adətən sadəcə yemək və şənliklərlə məhdudlaşır.

Bizim bayramlarda insanlar ya rəsmi tədbirlərə toplanır, ya da sadəcə yemək-içmə ilə məşğuldur. Gənclər isə daha çox rəqs etmək, oyunlar qurmaq və şənlənmək istəyirlər. Subayların toyu isə kiçik bir məclislə başlayır, sonra rəqs edilir və gənclər öz bacarıqlarını nümayiş etdirirlər. Toy beləliklə, gənclərin yaradıcılığı ilə zənginləşir.

Eyni yanaşmanı milli bayramlara da tətbiq etmək olar. İnsanları bir yerə toplamaq, onları hərəkətə gətirmək, rəqs etdirmək və ölkənin müxtəlif yerlərinə ekskursiyalar təşkil etmək vacibdir. Cənab prezidentin yeni nəsillə bağlı orta məktəbin orta sinif şagirdləri və tələbələri üçün vaxtilə xüsusi proqramı olub. Məktəblər Naxçıvandan Gəncəyə, Gəncədən Lənkərana, Lənkərandan Bakıya aparılır, gənclər bir araya gətirilir və ölkəmizin müxtəlif yerləri göstərilirdi.

Bunun tarixi baxımdan da izahı var. Vaxtilə Şah İsmayıl Xətai Səfəvilər dövləti, Qızılbaşlar imperiyasını yaratdıqda insanları müxtəlif yerlərə hərəkət etdirirdilər və bu, müəyyən mənəvi və ideoloji təlimlərin bir hissəsi idi. Hətta uşaqlıqda biz müxtəlif yerlərə gedir, dini və mədəni tədbirlərdə iştirak edirdik.

Gənclərin iştirak etdiyi bu tədbirlər sosiallaşma, mədəni inkişaf və özünü reallaşdırmaq baxımından çox faydalıdır. Milli bayramlarda belə formatlar tətbiq edilməli, tədbirlər Braziliya və Argentina tipli karnaval şənlikləri kimi təşkil olunmalıdır. Bu həm daxili, həm də xarici turizmi inkişaf etdirər. Novruz bayramı artıq belə formatda həm ölkədə, həm də xaricdə turistləri cəlb edir. Digər milli bayramlarda da eyni yanaşmanı tətbiq etmək olar.

Beləliklə, milli bayramlar sadəcə rəsmi tədbirlər və yemək-içmə ilə məhdudlaşmamalıdır. Onlar insanların hərəkət etdiyi, rəqs etdiyi, oyun oynadığı, sosiallaşdığı və yaradıcılığını nümayiş etdirdiyi festivallara çevrilməlidir. Bu yanaşma gəncləri internetdən və sosial mediadan uzaqlaşdırır, sağlam həyat tərzinə təşviq edir və mədəniyyətimizi dünyaya tanıdır”.

Əlaqəli Xəbərlər