“Rusiyada azərbaycanlılara qarşı aparılan təzyiq kampaniyaları və diskriminasiya halları yalnız fərdi zorakılıq və sosial gərginlik kimi qiymətləndirilməməlidir. Son illərdə müəyyən hallarda azərbaycanlı icmasına qarşı sistemli təzyiqlərin müşahidə olunması həm milli, həm də dini ayrıseçkilik elementlərini ortaya qoyur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, bu tendensiyalar sadəcə sosial stereotiplərin təsiri deyil, eyni zamanda millətçilik və islamofobiya ilə əlaqədar ideoloji motivlər daşıyır və insanların fundamental hüquqlarının pozulması kimi qiymətləndirilə bilər: “Belə proseslər cəmiyyətlərarası münasibətlərdə gərginliyin artmasına, diaspor icmalarının özünü təcrid etməsinə və sosial inteqrasiyanın zəifləməsinə səbəb olur. Azərbaycanlılar Rusiyada iqtisadi və sosial fəaliyyət göstərmək istəsələr də, bəzən milli və dini mənsubiyyətlərinə görə diskriminasiyaya məruz qalırlar. Bu, yalnız fərdi zorakılıq deyil, müəyyən hallarda sistemli yanaşmanın nəticəsi kimi görünür. Bunun beynəlxalq hüquqi və siyasi aspektləri də mövcuddur. Milli və dini ayrıseçkilik hallarına qarşı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş normalar və konvensiyalar var. Rusiyada azərbaycanlılara qarşı təzyiqlərin sistemli xarakter alması, dövlət və cəmiyyət səviyyəsində ciddi qiymətləndirilərək adekvat diplomatik və hüquqi tədbirlərin görülməsini tələb edir.
Bu halları Hitlerin ideyalarına bənzətmək mümkündür. Hitlerin dövründə etnik və dini ayrıseçkilik ideologiyası dövlət səviyyəsində dəstəklənirdi. Hazırkı vəziyyət birbaşa həmin dövr ilə müqayisə edilməsə də, müəyyən simvolik oxşarlıqlar – millətçilik və dini düşmənçilik motivləri aydın görünür. Belə halların qarşısını almaq üçün beynəlxalq hüquqi mexanizmlərdən istifadə edilməli, dövlətlərarası dialoq və diplomatik tədbirlər gücləndirilməlidir. Azərbaycan hökuməti və diaspor təşkilatları məsələni diqqətdə saxlamalı, hüquqi və diplomatik yollarla öz vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir. Bu, həm də Rusiyada yaşayan digər etnik və dini qruplar üçün precedens rolunu oynaya bilər”.