Son illərdə ölkəmizin innovasiya ekosistemində genişmiqyaslı işlər görülüb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə son 3 ildə müxtəlif inkubasiya və akselerasiya proqramları, hakatonlar və ideatonlar təşkil edilib. Bu çərçivədə 600-dən çox startap dəstəklənib və onların əhəmiyyətli bir hissəsi – 275-dən çoxu minimum işlək məhsul mərhələsinə qədər inkişaf etdilib. SİA xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat mərasimində deyib.
“Bu prosesdə regionlarımız, universitetlər, həm yerli, həm də xarici tərəfdaşlar fəal iştirak ediblər. Nəticədə startaplarımız elektron ticarət, səhiyyə və təhsil texnologiyaları, aqrotexnologiya, maliyyə texnologiyaları, ekoloji təmiz texnologiyalar, əşyaların interneti, böyük verilənlərin emalı və oyun sənayesi kimi çoxşaxəli sahələri əhatə edib. Bununla yanaşı, Azərbaycanda vençur kapital mexanizmlərinin inkişafı da mühüm mərhələyə qədəm qoyub. Son illərdə yaradılmış müxtəlif fondlar vasitəsilə ümumilikdə 15 milyon ABŞ dollarından çox kapital formalaşdırılıb və həmin fondlar artıq 2,2 milyon ABŞ dollarından çox sərmayəni regionda fəaliyyət göstərən startaplara yönəldiblər”, – deyə o əlavə edib.
Nazir müavini bildirib ki, bununla yanaşı, ötən ilin oktyabr ayında Bakıda Abşeron Vadisi İnnovasiya Klasteri çərçivəsində Azərbaycan İnnovasiya Mərkəzinin rəsmi açılışı baş tutdu. Bu, Azərbaycanın innovasiya ekosistemi üçün olduqca əlamətdar bir hadisə oldu. İnnovasiya təbii ki, sadəcə paytaxt Bakı ilə məhdudlaşmır, regionlarda da innovasiya fəaliyyəti geniş vüsət alır. Sevindirici haldır ki, bu gün Azərbaycanda və Qafqazda tarixən mühüm sənaye şəhəri kimi özünü təsdiq etmiş Sumqayıtda da innovasiya mərkəzi mövcuddur.