“Dinlədiyiniz musiqi xarakterinizi ələ verir”


“Musiqi insanın ruhunun aynası və dərmanıdır”. Bunu SİA-ya açıqlamasında kliniki psixoloq Ruhiyyə Rüstəmova deyib.

Onun sözlərinə görə, musiqi psixoloji baxımdan həm insanın daxili aləmini əks etdirən güzgü, həm də onu müalicə edən bir dərman rolunu oynayır: “Musiqi insanın xarakterinə uyğun olaraq seçilir, eyni zamanda onun ruh halını əks etdirir və formalaşdırır. Psixologiyada musiqi terapiyası geniş tətbiq olunur. Bu terapiya emosiyaların ifadəsi, tənzimlənməsi və stressdən azad olma kimi mühüm funksiyaları yerinə yetirir.Məsələn, klassik musiqi insanı sakitləşdirir, diqqəti artırır və meditasiya zamanı tez-tez istifadə olunur. “Bax”, “Motsart”, “Şopen” kimi bəstəkarların əsərləri narahatlıq və stresi azaldır, ürək döyüntüsünü yavaşladır, beyində alfa dalğalarının sayını artırır. Bu musiqilər serotonin və dopaminin ifrazını stimullaşdıraraq insanın emosional fonunu yüngülləşdirir. Rock musiqisi isə bəzən daxildəki aqressiya və gərginliyi boşaltmaq üçün seçilir. Depressiyada olan insan bu janr vasitəsilə özünü daha aktiv hiss etməyə çalışır. Pop musiqi sadə ritmləri ilə daha çox nikbin və sosial insanların psixologiyasına uyğundur. Caz və bluz isə dərin emosional təcrübələr yaşayan, nostalji hisslərinə yaxın olan insanlarda daha çox təsir göstərir”.

Ruhiyyə Rüstəmova əlavə edib ki, musiqi beynin emosional mərkəzləri ilə birbaşa əlaqəlidir: “Musiqi limbik sistem, amigdala və hipokamp kimi bölgələrə təsir edir. Ona görə də o, təkcə emosiyalara deyil, fiziki vəziyyətə də təsir göstərir. Stress hormonu olan kortizolun səviyyəsini azaldır, yuxuya getməyə kömək edir, konsentrasiyanı artırır və ümumilikdə psixoloji sağlamlığa müsbət təsir edir”.

Əlaqəli Xəbərlər