Sağlam gənclik güclü dövlətin təməlidir


Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə səfəri zamanı şəhər stadionunda aparılan tikinti işləri ilə tanış olmaları təsadüfi deyil. Dövlət başçısının siyasətində bölgələrin inkişafı, xüsusilə də gənclərin sağlam ruhda böyüməsi əsas prioritetlərdəndir. Çünki dövlətin gücü ilk növbədə sağlam gəncliyə, sağlam düşüncəli vətəndaşa söykənir.

Xalq arasında deyildiyi kimi: “Sağlam bədəndə sağlam ruh olar.” Bu hikmətli kəlam əsrlərin sınağından keçib. Sağlam bədən yalnız idmanda güclənmir, həm də mənəvi möhkəmlik, əxlaqi təmizlik və vətən sevgisi yaradır. Stadionlar, idman kompleksləri, Olimpiya mərkəzləri məhz bu məqsədə xidmət edir – gəncliyi həm fiziki, həm də ruhi cəhətdən güclü yetişdirmək.

Son illərdə Azərbaycanın müxtəlif bölgələrində müasir idman mərkəzləri istifadəyə verilib. Bu gün hər bir gəncin idmanla məşğul olması üçün şərait yaradılıb. Nəticələr də göz önündədir: Azərbaycan idmançıları beynəlxalq arenalarda parlaq qələbələr qazanır, dövlətimizin üçrəngli bayrağını yüksəklərə qaldırır.

Bunun ən canlı nümunələrindən biri futbol sahəsindədir. “Qarabağ” komandamızın bu günlərdə Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan təmsilçisinə 3:1 hesablı möhtəşəm qələbəsi bütün ölkədə və dünyada Azərbaycanı sevənlərdə böyük sevinc yaratdı. Bu qələbə yalnız idman nəticəsi deyil, həm də milli qürurun ifadəsidir. “Qarabağ”ın adı elə özü-özlüyündə tarixi Zəfərimizin, dirçəlişimizin, güclü iradəmizin simvoludur. Hər belə uğur gənclərə ruh, cəmiyyətə inam verir.

Futbol qədər digər idman növlərində də son illər qazanılan uğurlar dövlətin idmana göstərdiyi diqqətin bariz nümunəsidir. Bir neçə misallar da çəkmək olar. Məsələn: Cüdo üzrə dünya çempionu Hidayət Heydərovun uğurları Azərbaycanı dünya arenasında tanıtdı. Güləş sahəsində, xüsusilə sərbəst və yunan-Roma güləşində idmançılarımız Avropa və dünya çempionatlarında dəfələrlə qızıl medallar qazanaraq xalqımızın idman şöhrətini yüksəldiblər. Şahmatda gənc istedadlarımız, o cümlədən qadınlardan Günay Məmmədzadə və kişilərdən Şəhriyar Məmmədyarov beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etdilər. Paralimpiya oyunlarında isə Azərbaycan atletləri rekord sayda medal qazandılar və bütün dünyaya sübut etdilər ki, sağlam ruh üçün heç bir məhdudiyyət yoxdur.

İdman komplekslərinin başqa bir mühüm vəzifəsi də gəncləri pis vərdişlərdən qorumaqdır. Gənc boş vaxtını küçədə yox, idman zalında keçirəndə narkomaniya, aludəçilik, mənasız əyləncələr ona yaxın düşə bilmir. İdman insana nizam-intizam, iradə, məqsədyönlülük və ən əsası, mübarizə ruhu aşılayır. Bu isə həm sağlam fərdin, həm də güclü vətənpərvər vətəndaşın formalaşması deməkdir. Məhz 44 günlük “tarixi Qələbədə” biz bir daha şahidi olduq.

Azərbaycanın bölgələrində tikilən hər bir Olimpiya kompleksi əslində bir “ümid işığıdır” – sağlam gələcəyin, güclü gəncliyin işığı. İdmançılar yalnız medallar gətirmir, həm Azərbaycanı xaricdə təmsil edirlər və həm də idman xalqın ruhunu möhkəmləndirir. Ona görə də deyirik ki, “Sağlam gənclik güclü dövlətin təməlidir”.

Yusif Quliyev

Əlaqəli Xəbərlər