“İctimai iaşə obyektlərində yerləşdirilən sertifikatların etibarlılığı şübhə doğurur”


“Qida zəhərlənmələri bütün dünya ölkələrində mövcud olan bir problemdir. Ən inkişaf etmiş dövlətlərdə belə bu hallar qeydə alınır və Azərbaycan da istisna təşkil etmir. Lakin mövcud rəsmi statistika real vəziyyəti əks etdirmir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov sözlərinə belə davam edib: “Belə ki, beynəlxalq göstəricilərlə müqayisədə Azərbaycanda guya 1400 dəfə az zəhərlənmə hadisəsi baş verdiyi bildirilir. Bu rəqəmlər həqiqəti əks etdirmir və statistik saxtalaşdırmaya işarə edir. Adam Smitin məşhur ifadəsini xatırlatmaq yerinə düşər: “Üç yalan növü var: yalan, böyük yalan və statistika.”

Əslində isə ölkədə qida təhlükəsizliyi ilə bağlı ciddi problemlər qalmaqdadır. Bunun əsas səbəblərindən biri istehlakçı hüquqlarının zəif qorunmasıdır. 3 mart 2025-ci ildə Milli Məclisdə Ombudsmanın illik hesabatı dinlənildiyi zaman da bu məsələ qabardılmış, amma 101 səhifəlik hesabatda “istehlakçı hüquqları” anlayışına yer ayrılmamışdır. Halbuki istehlakçı hüquqları insan hüquqlarının ayrılmaz tərkib hissəsidir.

Azərbaycan qanunvericiliyində istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildən qüvvədə olsa da, indiyədək köklü dəyişiklik edilməmişdir. Dövlət səviyyəsində struktur dəyişiklikləri – Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin Prezident yanında Agentliyə çevrilməsi – hələ də real təsir göstərmir. Agentliyin fəaliyyəti formal xarakter daşıyır: obyektlər yoxlanılır, lakin istehlakçının asanlıqla əldə edə biləcəyi şəffaf sənədlər təqdim olunmur. Məsələn, ictimai iaşə obyektlərində yerləşdirilən sertifikatların etibarlılığı şübhə doğurur.

Dönər və digər küçə yeməklərində baş verən zəhərlənmələrin səbəbi çox vaxt keyfiyyətsiz ət və qatqı məhsullarıdır. Ətin uzun müddət saxlanması, qeyri-sanitar şəraitdə işlənməsi, həmçinin sousların (mayonez, ketçup və s.) düzgün saxlanılmaması qida zəhərlənmələrinin əsas amillərindəndir. Gecə saxlanılan dönərlərin səhər yenidən satışa çıxarılması isə xüsusilə təhlükəlidir.

Əlavə olaraq, bir neçə il əvvəl Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin istifadəsinə yararsız ət məhsullarının bazara çıxarıldığı faktı aşkarlanmış və bu, geniş ictimai rezonans doğurmuşdur. Təəssüf ki, bu cür halların qarşısının alınması üzrə ardıcıl və təsirli tədbirlər görülmür.

Nəticə və tövsiyələr

• Qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilməli, yoxlamalar şəffaf aparılmalıdır.

• İstehlakçı hüquqları ayrıca və prioritet istiqamət kimi insan hüquqları müstəvisində tanınmalıdır.

• İaşə müəssisələrində sertifikatlaşdırma prosesi real yoxlama mexanizminə əsaslanmalı, ictimaiyyət üçün açıq olmalıdır.

• Qanunvericilik bazası müasirləşdirilməli, istehlakçı hüquqları haqqında qanuna müasir əlavələr edilməlidir.

• İctimai iaşə sektorunda gigiyena qaydalarının pozulmasına görə daha sərt cəzalar tətbiq edilməlidir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər