“Rəqəmsal xidmətlərin vergiyə cəlb olunması büdcəyə gəlir və bazara şəffaflıq gətirir”


“Rəqəmsal xidmətlərin vergiyə cəlb olunması bu gün bir çox ölkələrin qarşısında duran əsas iqtisadi və fiskal məsələlərdən biridir. Çünki müasir dövrdə internet üzərindən göstərilən xidmətlər – elektron ticarət, onlayn təhsil, rəqəmsal abunəliklər, reklam platformaları və digər xidmətlər sürətlə inkişaf edir və ənənəvi iqtisadiyyatın əhəmiyyətli bir hissəsini əvəzləyir. Bu səbəbdən də dövlətlərin bu sahədən vergi yığmaq marağı təbiidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

Onun sözlərinə görə, belə bir addım dövlət büdcəsinə əlavə gəlir mənbəyi yaradır. Çünki rəqəmsal iqtisadiyyatın həcmi ildən-ilə genişlənir və bu gəlirin vergisiz qalması büdcə üçün itki deməkdir. Vergiyə cəlb etməklə dövlət həm ədalətli vergi mühitini təmin edir, həm də sosial və infrastruktur layihələr üçün əlavə maliyyə vəsaiti əldə edir: “Digər tərəfdən, rəqəmsal xidmətlərin vergiyə cəlb olunması yerli şirkətlərlə xarici rəqəmsal platformalar arasında bərabər rəqabət mühiti yaradır. Çünki bəzən beynəlxalq rəqəmsal nəhənglər müəyyən ölkələrdə qeydiyyatdan keçmədən fəaliyyət göstərir, gəlir əldə edir, amma heç bir vergi ödəmir. Bu isə yerli sahibkarların maraqlarına ziddir. Vergitutmanın tətbiqi bu balansı müəyyən qədər bərpa edə bilər. Bununla belə, rəqəmsal xidmətlərin vergiyə cəlb olunması müəyyən risklər də yaradır. Əgər vergi dərəcələri çox yüksək olarsa, bu, xidmətlərin qiymətinin artmasına gətirib çıxaracaq. Nəticədə, istehlakçılar əlavə xərclə üzləşə bilər. Bu baxımdan, vergi siyasəti balanslı və mərhələli olmalıdır. Digər bir məsələ də ondan ibarətdir ki, texnologiya şirkətləri çox çevikdir və vergi yükü artdıqda, onlar bəzi bazarlardan çəkilməyi də seçə bilərlər. Ona görə də dövlətlər həm büdcə maraqlarını, həm də rəqəmsal inkişafın davamlılığını nəzərə almalıdır.

Müsbət tərəfi odur ki, düzgün tətbiq edilən rəqəmsal vergi həm dövlət üçün əlavə gəlir yaradır, həm də bazarda şəffaflıq gətirir. Bu, kölgə iqtisadiyyatının azalmasına, rəqəmsal xidmətlərin daha rəsmi və hüquqi çərçivədə fəaliyyət göstərməsinə səbəb olur. Uzunmüddətli perspektivdə isə ölkənin rəqəmsal sektorunun davamlı inkişafı üçün stimullaşdırıcı rol oynaya bilər. Rəqəmsal xidmətlərin vergiyə cəlb olunması müasir iqtisadiyyatın zəruri tələblərindəndir. Amma əsas məsələ düzgün dərəcənin müəyyənləşdirilməsi və bu prosesin həm dövlət, həm də istehlakçı maraqlarını qoruyacaq şəkildə həyata keçirilməsidir. Əks halda, verginin iqtisadiyyata faydadan çox zərər gətirmə ehtimalı da mövcuddur”.

Əlaqəli Xəbərlər