Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır


Azərbaycan, Türkmənistan və Özbəkistan enerji, nəqliyyat və logistika kimi əsas sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər. SİA xəbər verir ki, bu barədə avqustun 22-də Türkmənbaşıda keçirilən üçtərəfli sammitin yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədovun qəbul etdikləri birgə bəyanatda deyilir.

“Tərəflər enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyini qeyd ediblər, bu sahədə qarşılıqlı fəaliyyətin xüsusi əhəmiyyətini vurğulayıblar”, – Türkmənistan Xarici İşlər Nazirliyinin dərc etdiyi sənəddə qeyd olunub.

“Nəqliyyat və logistika sahəsində böyük potensialı, eləcə də üç ölkənin tranzit potensialından istifadəni nəzərə alaraq, tərəflər Özbəkistan – Türkmənistan – Azərbaycan və əks istiqamətdə multimodal daşımaların intensivləşdirilməsinin vacibliyini vurğulayıblar. Bu baxımdan üç ölkənin səlahiyyətli orqanı tərəfindən nəqliyyat və logistika sahəsində Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd olunub”, – bəyanatda deyilir.

Həmçinin qeyd edilir ki, liderlər nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı, nəqliyyatın əlaqələndirilməsi, onların təşkili üçün şərtlərin sadələşdirilməsi məsələlərini müzakirə etmək üçün Birgə İşçi Qrupun yaradılmasını alqışlayırlar.

Bəyanatda ölkələr arasında hava nəqliyyatının, biznesin və turizmin inkişafının vacibliyindən bəhs edilir və bunun yük və sərnişin axınının artmasına töhfə verəcəyi bildirilir.

Əlaqəli Xəbərlər