Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı artıb


2025-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 103 min 300 nəfər (ötən ilin iyulun 1-i vəziyyətinə 1 milyon 101 min nəfər) pensiyaçı qeydiyyatda olub. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Qeyd edilib ki, onların 64,6 faizi yaşa, 23,0 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 538,1 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49,0 faizinə bərabər olub.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2025-ci ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 166,2 min (ötən ilin iyulun 1-i vəziyyətinə 152,1 min) nəfər, əlilliyə görə – 42,1 min nəfəri əlilliyi olan uşaqlar olmaqla, cəmi 221,2 min (müvafiq olaraq 44,0 min və 219,2 min) nəfər, ailə başçısını itirməyə görə – 52,1 min (54,5 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,9 min (22,6 min) nəfər olub.

Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 167 nəfər qəyyumuna (himayəçisinə) aylıq müavinət verilib. Bununla yanaşı, Şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 4,0 min ailəsinə 5,9 min uşaq üçün aylıq müavinət verilib.

Bundan əlavə, 3215 nəfər bir yaşınadək uşağı olan 3120 aztəminatlı ailəyə, övladlığa götürülən, o cümlədən əlilliyi olan 32 uşağa görə 31 ailəyə və beşdən çox uşağı olan 2,8 min qadına 12,8 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 284 şəxsə isə kompensasiya verilib.

Həmçinin radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün, 3,4 min nəfərə dəfn üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 2,8 min nəfərə birdəfəlik müavinətlər verilib.

2025-ci ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 18,0 min ailəyə 18,7 min uşağın anadan olmasına görə birdəfəlik müavinətlər verilib.

2025-ci il iyulun 1-i vəziyyətinə 80,3 min aztəminatlı ailənin 353,3 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 100,37 manat təşkil edib.

Müxtəlif kateqoriyadan olan 403,3 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.

Əlaqəli Xəbərlər