İrəvan ordu üçün pul tapa bilmir
İlin sonu yaxınlaşdıqca Ermənistan hakimiyyətinin narahatlığı daha çox özünü göstərir. Parlamentin payız sessiyasında 2026-cı ilin büdcəsi müzakirəyə çıxarılacaq. Artıq məlum olub ki, Ermənistan hakimiyyəti gələn ildə müdafiə xərclərini azaltmağı planlaşdırır. Həmçinin, respublikada bəzi siyasi qüvvələrin Ermənistandan çıxarılmasını təklif etdiyi Gümrüdəki 102-ci Rusiya hərbi bazasının taleyi ilə bağlı söhbətlər intensivləşib. İrəvan hesab edir ki, Azərbaycanla sülh müqaviləsinin paraflanması ölkənin təhlükəsizliyi üçün riskləri azaldır. Bu ölkənin baş naziri Nikol Paşinyanın sözlərinə görə, onun hökuməti gələn il hərbi büdcəni artırmaq niyyətində deyil. “Ola bilsin ki, 2026-cı ilin büdcəsində xərclərin əhəmiyyətli dərəcədə artması və ya ümumiyyətlə, müdafiə xərclərinin artması müşahidə edilməyəcək. Məncə, bu, məntiqlidir, ən azından hazırda bizim qiymətləndirməmiz belədir”, – Paşinyan bildirib. Eyni zamanda o vurğulayıb ki, İrəvan Azərbaycanla sərhəddə vəziyyəti təhlil etməkdə davam edir.
Eyni zamanda, Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan daha əvvəl bildirmişdi ki, gələn ilin büdcəsi müdafiə xərclərinin azaldılmasına əsaslanır. Düzdür, onun sözlərindən tam olaraq nəyin müzakirə olunduğu anlaşılan deyildi: mütləq məbləğlərin azaldılması, yoxsa yalnız maliyyələşmənin hazırkı səviyyəsini saxlamaqla büdcə strukturunda payın azaldılması. 2025-ci ildə Ermənistan ÜDM-in 6,1%-ni (1,7 milyard dollardan çox) müdafiəyə xərcləmək qərarına gəlib. Bu, 2024-cü illə müqayisədə 20%, 2020-2021-ci illərlə müqayisədə isə iki dəfədən çoxdur. Eyni zamanda hökumət ordunun yenidən silahlandığını elan edib. İrəvan hava hücumundan müdafiə sistemləri, artilleriya, pilotsuz uçuş aparatları (PUA), rabitə vasitələri və şəxsi avadanlıq almağı planlaşdırır.
Bununla paralel olaraq Ermənistan yadına Rusiyanın Gümrüdəki hərbi bazası düşüb. Bu şəhərdə birdən-birə iki mitinq keçirilib: biri rus qoşunlarının respublikada olmasına dəstək, digəri isə əleyhinə. Rəqiblər 2021-ci ildə keçirilən parlament seçkilərində 1,5% səs toplayan Avropayönlü “Respublika Naminə” partiyasının üzvləri olub. Onlar Ukraynanı dəstəkləyən şüarlar səsləndiriblər. Hərbi bazanın saxlanmasının tərəfdarları Rusiya ilə əməkdaşlığın tərəfdarı olan və Türkiyə ilə münasibətlərin qurulmasının əleyhinə olan Ana Ermənistan hərəkatının üzvləri idi. Lakin şahidlərin sözlərinə görə, hər iki aksiyada ümumilikdə 300 nəfər belə toplaşmayıb.
Maraqlıdır ki, İrəvanın pasifist bəyanatları fonunda Azərbaycan Prezidenti İlham Əliyev əksinə, Bakının hər zaman müharibəyə hazır olması lazım olduğunu vurğulayır. “Biz hər an müharibəyə hazır olmalıyıq, çünki dünyada proseslərin gedişatı elədir ki, sabah nə olacağını proqnozlaşdırmaq mümkün deyil. Biz öz təhlükəsizliyimizin qarantıyıq”, – İlham Əliyev əmin olduğunu bildirib. Onun sözlərinə görə, 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan xüsusi təyinatlı qüvvələrini “minlərlə döyüşçü” ilə artırıb. Müasir PUA-lar və yeni artilleriya sistemləri də ölkəyə gətirilib, yeni döyüş təyyarələrinin alınması üçün müqavilələr imzalanıb, mövcud təyyarələr tamamilə modernləşdirilib.
Ermənistanın Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzinin rəhbəri Hayk Xalatyan hesab edir ki, Ermənistan hökumətinin mövqeyi və İlham Əliyevin sözləri onların Vaşinqtonda Bakı ilə İrəvan arasında sülh sazişinin paraflanmasına fərqli münasibətini təsdiqləyir. “Ermənistan hakimiyyəti öz həmvətənlərini inandırmağa çalışır ki, sazişin paraflanması müharibə riskini minimuma endirib, beləliklə, onlar hərbi xərclərə qənaət etməyə başlaya bilərlər. Bakı, əksinə, danışıqlar prosesində hər zaman güc təzyiqi ehtimalının mövcud olmalıdır”, – Xalatyan deyib.
Bu arada, iqtisadi vəziyyət baxımından müdafiə xərclərinin azaldılmasına haqq qazandırmaq olar. Xüsusilə Ermənistana iqtisadi böhran yaxınlaşır. Dövlət borcu ÜDM-in 50%-ni ötüb, büdcə kəsiri 5%-dir. “Fitch” beynəlxalq reytinq agentliyi qeyd edir ki, büdcənin gəlir bazasını artırmadan xərclərin artımını saxlamaq ölkənin maliyyə sabitliyinin zəifləməsinə gətirib çıxaracaq. Eyni zamanda, İrəvan sosial proqramların saxlanmasına və infrastruktur layihələrinin inkişafına sərmayə qoymağı düşünür. Paşinyan hökumətinin başlatdığı bütün müdafiə islahatları isə hələ başlanğıc mərhələsindədir. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra İrəvan belə qənaətə gəlib ki, daha çox silah almağa, ordunun komandanlıq strukturunu dəyişməyə, qoşunların hazırlanması üsullarını dəyişməyə ehtiyac var. Müdafiə xərcləri kəsilərsə, islahatlar ümumiyyətlə tamamlanmaya bilər.
Ermənistanda bəzi qrupların hələ də eyforiyada olduqları, ölkələrini hələ də dünyada güclülər sırasında gördükləri ortadadır. Hələ də anlamaq istəmirlər ki, müharibədən əvvəlki, hətta Azərbaycanın keçirdiyi 23 saatlıq antiterror tədbirlərinə qədər erməni dövləti xarici havadarlarının hesabına mövcud olub. Onların ianələri hesabına yaşayıblar, onlara pulsuz verilən bir neçə milyard dollarlıq silah-sursatla Azərbaycan torpaqlarında işğalçılıq siyasətlərini yürüdə biliblər. Bu gün isə zaman dəyişib, havayı yeyənlər olsa da, milyardlarını havaya sovuranlar, demək olar ki, qalmayıb. Ermənistandakılar vəziyyətin bu hala gələcəyini, sadəcə, hesablaya bilməmişdilər.
V.VƏLİYEV