“Süni intellektin emosiyaları idarə etməsi cəmiyyət üçün həm fayda, həm risk daşıyır”


“Süni intellektin insanların emosiyalarını idarə edə bilməsi sosioloji baxımdan çox mürəkkəb və həm də riskli bir məsələdir. Emosiyalar insan davranışlarının, qərarlarının və sosial münasibətlərinin mərkəzində dayanır. Əgər bu sahəyə texnologiya müdaxilə edərsə, insan cəmiyyətinin təməl dəyərlərində və münasibətlər sistemində ciddi dəyişikliklər baş verə bilər”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, emosiyaların idarə olunması gündəlik həyatda müəyyən üstünlüklər gətirə bilər. Məsələn, insanlar stressi və həyəcanı daha asan idarə edə bilər, iş yerlərində və təhsil mühitlərində səmərəlilik yüksələr, insanlar daha balanslı qərarlar verə bilərlər: “Bu cəhətdən süni intellekt emosional rifahın artırılmasına xidmət edə bilər. Lakin digər tərəfdən, belə bir texnologiyanın istifadəsi çox ciddi etik suallar doğurur. İnsan emosiyalarının idarə olunması, fərdi azadlığın və şəxsi məxfiliyin pozulması deməkdir. İnsan öz hisslərinə nəzarəti itirdikdə, onun azad seçim və iradə imkanları məhdudlaşır. Bu isə fərdi hüquqların sual altına düşməsi ilə nəticələnə bilər.

Sosial müstəvidə bu, cəmiyyətin təbii emosional dinamikasını dəyişdirə bilər. Məsələn, insanlar kədər, qəzəb və ya həyəcan kimi hissləri yaşamadan yalnız “idarə olunmuş emosiyalarla” hərəkət etsələr, sosial münasibətlərdə səmimiyyət və təbiilik itər. İnsanı insan edən əsas xüsusiyyətlərdən biri onun təbii emosiyalarını yaşamaq və bölüşmək bacarığıdır. Eyni zamanda, emosiyaların süni şəkildə idarə olunması hakimiyyətlərin və ya güclü qurumların cəmiyyət üzərində nəzarətini artırmaq üçün təhlükəli bir vasitəyə çevrilə bilər. İnsanların emosiyaları manipulyasiya olunarsa, onların siyasi seçimlərinə, ictimai reaksiyalarına və sosial davranışlarına təsir göstərmək mümkün olar. Bu, demokratik proseslər üçün böyük bir riskdir.

Digər tərəfdən, emosional idarəetmənin tibbi və psixoloji müalicə sahəsində müsbət istifadəsi də mümkündür. Məsələn, depressiya və ya ağır psixoloji travma yaşayan insanların emosiyalarının tənzimlənməsi onların həyat keyfiyyətini yaxşılaşdıra bilər. Lakin yenə də bu, yalnız ciddi etik və hüquqi çərçivələrdə həyata keçirilməlidir. Süni intellektin insan emosiyalarını idarə etməsi ikiüzlü bir qılınca bənzəyir: bir tərəfdən fərdi rifah və sosial sabitlik üçün faydalı ola bilər, digər tərəfdən isə şəxsi azadlıqlar, məxfilik və cəmiyyətin təbii inkişafı üçün təhlükə yarada bilər. Buna görə də bu sahədə irəliləyişlər yalnız ciddi ictimai müzakirələr, etik prinsiplər və qanunvericilik mexanizmləri ilə müşayiət olunmalıdır”.

Əlaqəli Xəbərlər