Tərtərdə “Gənc qazilərin yay düşərgəsi”nin açılışı olub


Tərtər Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi tərəfindən Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş “Gənc qazilərin yay düşərgəsi” təşkil olunub. Düşərgənin açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının, Gənclər və İdman Nazirliyinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin, Tərtər Olimpiya İdman Kompleksinin məsul şəxsləri, qazilər, Qarabağ, Mərkəzi Aran, Gəncə-Daşkəsən iqtisadi rayonlarından ümumilikdə 50 nəfər Vətən müharibəsi iştirakçıları iştirak edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov 44 günlük Vətən müharibəsində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, Vətən müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib.

Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, düşərgənin koordinatoru Əhliyyət Mehdiyev çıxış edərək gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, onları sağlam həyat tərzinə təşviq etmək və şanlı zəfər tarixində ordumuzun keçdiyi döyüş yolundan bəhs ediblər. Həmçinin Ümummilli Lider Heydər Əliyevin gənclik və vətənpərvərlik mövzusunda fikirlərinə də yer verilib. Qeyd olunub ki, sağlam düşüncəli, savadlı, milli-mənəvi dəyərlərə bağlı gənclik ölkəmizin gələcəyinin təminatçısıdır.

“Gənc qazilərin yay düşərgəsi” avqustun 28-dək davam edəcək.

Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd Vətən müharibəsi iştirakçılarına sosial-psixoloji dəstəyin göstərilməsi, onların asudə vaxtının səmərəli təşkil edilməsi, habelə cəmiyyətə reinteqrasiya prosesinə dəstək verməkdir.

Əlaqəli Xəbərlər