“Ucuzlaşma, yoxsa bahalaşma: Ərzaq bazarında vəziyyət necədir?”


“Ərzaq bazarında bahalaşma davam edir və inflyasiyaya əsas təsir göstərən amillərdən biri də Azərbaycanda ərzaq qiymətlərinin artmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

O bildirib ki, hazırda inflyasiya təqribən 7% səviyyəsindədir: “Ərzağın demək olar ki, bütün növləri üzrə, xüsusən də ət məhsullarında qiymət artımı müşahidə olunur.

Birinci əsas səbəb, idxal qiymətlərinin artmasıdır – yəni idxal inflyasiyası. İdxal olunan ərzaq məhsulları və bu məhsulların istehsalında istifadə olunan inqrediyentlər bahalaşır. Bu, həm manatın məzənnəsinin ucuzlaşması, həm də xaricdən gətirilən məhsulların qiymətlərinin artması ilə əlaqədardır.

Manat bu ilin əvvəlindən bəri avroya nisbətdə ucuzlaşır. Ümumiyyətlə, manat dollara birləşdirildiyinə görə dollar digər valyutalara qarşı ucuzlaşdıqda, bu, manata da təsir edir. Nəticədə manatın real effektiv məzənnəsi aşağı düşür və bu da idxal inflyasiyasını artırır.

Bundan əlavə, ötən ildən Tarif Şurasının qərarları da ərzaq qiymətlərinə təsir göstərir. Dizel yanacağının qiymətinin artması daşınma xərclərini yüksəldib. Eyni zamanda ilin əvvəlində elektrik enerjisi və qazın qiymətlərinin artırılması ərzaq istehsalına sərf olunan xərcləri də artırıb.

Bütün bu amillərə baxmayaraq, inflyasiyanın yüksəlməsinə əhalinin alıcılıq qabiliyyətinin də müəyyən qədər artması təsir göstərir. Bu da qiymət artımlarını daha davamlı edir”.

Əlaqəli Xəbərlər