“Zəngəzur dəhlizi Cənubi Qafqaz regionunun gələcək inkişafında və geosiyasi balansında xüsusi əhəmiyyət kəsb edən layihələrdən biridir. Bu dəhliz sadəcə bir nəqliyyat yolu deyil, əslində yeni iqtisadi imkanlar və strateji tərəfdaşlıqlar üçün açar rolunu oynayır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, dəhlizin açılması Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini təmin edəcək. Bu, həm iqtisadi, həm sosial baxımdan mühüm hadisədir. Çünki uzun illər Naxçıvan blokada şəraitində yaşayıb, kommunikasiya imkanları məhdud olub: “Dəhliz açıldıqdan sonra təkcə Naxçıvanla əlaqə bərpa olunmayacaq, həm də Azərbaycan-Türkiyə əlaqələri daha da güclənəcək. Bu, türk dünyasının inteqrasiyası baxımından tarixi əhəmiyyət daşıyır. İkinci mühüm məqam, Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat və ticarət xəritəsində oynayacağı roldur. Bu dəhliz Mərkəzi Asiyadan Türkiyə və Avropaya uzanan “Orta Dəhliz” layihəsinin əsas hissəsinə çevrilə bilər. Nəticədə Azərbaycan beynəlxalq logistika şəbəkəsində daha mühüm tranzit ölkə statusu qazanacaq, bu da ölkənin iqtisadi imkanlarını artıracaq. Dəhlizin açılması regional iqtisadi əməkdaşlığı gücləndirəcək. Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihədən yalnız Bakı və Ankara yox, həm də Rusiya, İran və hətta Ermənistan faydalana bilər. Ermənistanın mövqeyi hələ də ziddiyyətli olsa da, dəhlizin açılması onun iqtisadi təcridini aradan qaldıra və yeni ticarət imkanları yarada bilər. Zəngəzur dəhlizi geosiyasi baxımdan strateji üstünlüklər təqdim edir. Bu layihə vasitəsilə Azərbaycan regionun nəqliyyat mərkəzinə çevrilir, Avropa isə enerji və nəqliyyat təhlükəsizliyi baxımından daha etibarlı alternativ qazanır. Bu, Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir. Zəngəzur dəhlizinin açılması yalnız kommunikasiya və ticarət məsələsi deyil, həm də regionun siyasi, iqtisadi və geosiyasi gələcəyini formalaşdıracaq amildir. Azərbaycan üçün bu layihə həm strateji üstünlüklərin, həm də tarixi ədalətin bərpası deməkdir.