“Ölkə təəssüf ki, xarici sərmayədarlar üçün o qədər də cəlbedici deyil. Ona görə də biz xarici investisiyaları əsasən enerji sektoruna – neft-qaz sənayesinə cəlb edə bilmişik. Digər sahələrə nə turizmə, nə kənd təsərrüfatına, nə emal sənayesinə, nə də digər xidmət sahələrinə əhəmiyyətli xarici investisiya cəlb edə bilməmişik”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
O bildirib ki, bunun çoxsaylı səbəbləri var: “Əsas səbəblərdən biri Azərbaycanın uzun müddət müharibə şəraitində yaşamasıdır. Həmçinin Azərbaycanın dünya okeanına çıxışının olmaması, ətrafındakı qonşuların – Rusiya, İran, Ermənistan – problemli ölkələr olması və ciddi logistika problemlərinin mövcudluğudur.
Biz indi dəhlizlərdən danışırıq, ümid edirik ki, olacaq, amma indiyə qədər hətta ölkə sahibkarları ölkəyə mal və material gətirərkən ciddi əngəllərlə, problemlərlə və əlavə xərclərlə üzləşirlər. Malları gətirmək olur, amma baha başa gəlir.
Ona görə də ölkədə bahalaşmadan əziyyət çəkməyimizin əsas səbəblərindən biri ölkəmizin coğrafi yerləşməsi və dünya ticarət sistemindən kənarda qalmasıdır. Digər tərəfdən, bizdə ucuz işçi qüvvəsi olsa da, ixtisaslı kadr problemi mövcuddur. Müasir texnologiyalara və sənaye tələblərinə cavab verən ixtisaslı işçilər çatışmır. İdarəetməmiz də dünyanın qabaqcıl idarəetmə sistemləri ilə müqayisədə xeyli geridədir. Ciddi bürokratik və digər problemlər var.
Əgər biz doğrudan da cəlbedici olsaydıq, qeyri-neft sektoruna da ciddi investisiyalar cəlb edə bilərdik. Kapital harada gəlirlik və qazanc görürsə, ora yönəlir. Amma son 30-35 ilin nəticələri göstərir ki, qeyri-enerji sektoruna investisiyaların cəlb edilməsində ciddi problemlər var və bu da ölkənin cəlbedici olmaması ilə əlaqədardır”.