Prezidentin verdiyi mesajlar Azərbaycanın güclü dövlət olduğunun təsdiqidir


Prezident İlham Əliyevin hər çıxışı, müsahibəsi həm ölkəmiz, həm region, həm də dünyada baş verən hadisələrlə bağlı ölkə və beynəlxalq ictimaiyyətin daha dolğun şəkildə məlumatlandırılmasında əhəmiyyətli rol oynayır. Bu baxımdan dövlətimizin başçısının Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər mühüm çağırışları özündə ehtiva edir. Prezident İlham Əliyev öncə Vaşinqtonda tarixi sülh razılaşmasının təəssüratlarından bəhs etdi. Bildirdi ki, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Uzun illərdir ki, Ermənistanla müharibə vəziyyətində idik. Məhz Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərini işğal etmişdi. O zaman Azərbaycan çox zəif idi, ordumuz yox idi. Ermənistanın isə Azərbaycan ərazilərini işğal etməkdə ona dəstək göstərən xarici tərəfdarları var idi. Beləliklə, ərazimizin təxminən 20 faizi onlar tərəfindən işğal edilmişdi, nəticədə bir milyon qaçqın və məcburi köçkünümüz var idi. Həmin dövrdə bu, əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən biri idi. Yəni, Azərbaycanın əhalisi o vaxt 8 milyon nəfər idi, onların bir milyonu yurd-yuvasından didərgin düşmüşdü.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın müstəqilliyinin, bir dövlət olaraq varlığının itirilməsinin qarşısı qətiyyətlə alındı. Ümummilli Liderin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində 1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin yaradılması ilə yanaşı, bütün sahələrdə uğurlu addımların atılmasını şərtləndirdi. İqtisadi tərəqqi bütün sahələrdə, o cümlədən müstəqilliyimizin və suverenliyimizin qarantı olan ordu quruculuğu istiqamətində zəruri addımların atılmasını təmin etdi. Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibəsində bu məqamlara diqqəti yönəltdi ki, Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı və biz 2020-ci ilə qədər davam edən sonsuz və gördüyümüz kimi, mənasız danışıqlar prosesində iştirak etdik. Bu proses 2020-ci ilədək davam etdi. 2020-ci ildə isə İkinci Qarabağ müharibəsi başladı və biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, tarixi Zəfərimizdən sonrakı dövrün mühüm reallıqlarından biri Azərbaycanın regionda dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə sülh müqaviləsinin imzalanmasını təklif etməsi və ona nail olmaq istiqamətində addımların atılmasıdır. Qeyd olunan müsahibədə də vurğulandığı kimi, Azərbaycan danışıqlar formatının təşəbbüskarı oldu. Sülh sazişinin layihəsini təqdim etdi. Avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Danışıqlar bir neçə il davam etdi, nəhayət, Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var ki, o da Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəanın mövcudluğudur. Həmin müddəaya dəyişiklik edildikdən, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldıqdan sonra formal sülh sazişi də imzalanacaq. Reallıq budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.

Vüqar Rəhimzadə müsahibədə xüsusi vurğulanan ədalətsiz 907-ci düzəlişin ləğvinə, ATƏT-in Minsk qrupunun fəaliyyətini dayandırmasına, əgər Ermənistanda hər hansı daxili siyasi dəyişiklik baş verərsə, bunun sülh razılaşmasına xələl gətirib-gətirməyəcəyinə diqqəti yönəltdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər. Bütün beynəlxalq ictimaiyyət bu hadisəni müsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir. Əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə Azərbaycanın xeyrinədir. Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina edərsə, Azərbaycan da onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcək.

Minsk qrupunun ləğvi məsələsi tarixi Zəfərimizdən sonrakı dövrün əsas çağırışlarındandır. Uğursuz Minsk qrupu 1992-ci ildə hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılıb. Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Vaşinqton görüşündə ABŞ Prezidenti Donald Trampın ədalətsiz 907-ci düzəlişin fəaliyyətinin dayandırılması ilə bağlı qərarı onun bir daha ədalətin, beynəlxalq hüququn yanında olduğunu təsdiqlədi. Prezident İlham Əliyev müsahibəsində bu reallığı xüsusi qeyd etdi ki, Donald Tramp bir neçə ay ərzində Afrikada, Asiyada, Cənubi Qafqazda möcüzə yaradıb. Bu, onun xarakteridir, bu, onun təbiətidir.

Milli Məclisin deputatı müsahibədə dövlət başçısı İlham Əliyevin diqqət yönəltdiyi məsələlər sırasında Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına verdiyi töhfələrdən də bəhs edərək bildirib ki, ölkəmizdə bütün xalqların, millətlərin nümayəndələri sülh, dostluq şəraitində yaşayır. Azərbaycan cəmiyyətində bütün təriqətlərdən olan müsəlmanlar bir ailə kimi yaşayırlar. İslamın müxtəlif qolları arasında heç bir ayrı-seçkilik olmayıb. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər. Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır. Prezident İlham Əliyev bildirdi ki, istənilən xarici müdaxilədən tamamilə azadıq. Çünki biz təkcə dəyərlərimizi təbliğ etmirdik, biz, həmçinin ideoloji cəhətdən özümüzü istənilən növ müdaxilədən, müsəlmanlar arasında nifrət toxumu səpmək cəhdlərindən qorumalı idik. Bu, müsəlman dünyasında yüksək qiymətləndirilir.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkələr arasında əlaqələrin inkişafında enerji amili əsasdır. Azərbaycan qazının ixrac olunduğu ünvanların sayı artır. Bir müddət öncə Azərbaycan qazı qardaş Türkiyənin ərazisi ilə Suriyaya çatdırıldı. Günümüzün reallığı budur ki, Azərbaycan 10 Avropa ölkəsini qazla təmin edir. Onların 8-i Avropa İttifaqının üzvüdür. Bu ölkələr üçün Azərbaycan qazı onların enerji təhlükəsizliyində həqiqətən də mühüm rol oynayır və bu rol artacaq. Dövlətimizin başçısı İlham Əliyev müsahibədə qeyd etdi ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir. Suriyaya qazın həcmini artıra bilərik. Azərbaycan, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilər.

Millət vəkili dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində hər fikrinin bu günümüz və gələcəyimiz üçün mühüm çağırış olduğunu bildirib. Sualları ətraflı şəkildə cavablandıran Prezident İlham Əliyev türk dünyasının birliyinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu da vurğulayıb. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması istiqamətində Azərbaycan və qardaş Türkiyənin göstərdikləri səylər göz qabağındadır. Azərbaycanın təşkilata sədrlik etdiyi dövrdə həm türk dövlətləri ilə ikitərəfli əlaqələrin inkişafına, həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına xidmət edən addımları bu ölkələr tərəfindən yüksək dəyərləndirildi. Prezident İlham Əliyevin bütün dövrlər üçün aktuallığını qoruyan “Biz birlikdə güclüyük!” çağırışına bu mühüm reallıq da əlavə edildi ki, bizim ailəmiz türk dünyasıdır. Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Artıq reallığa çevrilməsi qaçılmaz olan Zəngəzur dəhlizi türk dünyasının birliyini daha da möhkəmləndirəcək. Vaşinqton görüşünün uğurlu nəticələrindən biri məhz Zəngəzur dəhlizinin reallaşmasına xidmət edən addımın atılması oldu. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, Prezident Donald Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər, verdiyi mesajlar bir daha Azərbaycanın qalib, qüdrətli, hər zaman qətiyyətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqeyi olan, dünyada nüfuzlu, söz sahibi olan dövlətlərdən biri olduğunun təsdiqidir.

Əlaqəli Xəbərlər