“Məlumdur ki, Şanxay Əməkdaşlıq Təşkilatı xüsusilə son illərdə beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində daha mühüm rol oynamağa başlayan bir təşkilatdır. Təşkilatın əsas məqsədləri sırasına üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması daxildir”. Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, təşkilatın cəlbediciliyi təkcə iqtisadi imkanlarda deyil, həm də onun üçüncü ölkələrə və ya digər beynəlxalq təşkilatlara qarşı yönəlməməsi, bütün iştirakçıların bərabərliyi və suverenliyinə hörməti, daxili işlərə qarışmaqdan imtina etməsi ilə bağlıdır: “Azərbaycan Prezidenti artıq neçənci dəfədir ki, ŞƏT-in sammitlərinə dəvət olunur və bu da təbiidir. Belə ki, dövlətimiz dünyada məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınan, regional liderliyini daha da möhkəmləndirən və qlobal aləmdə əsas aparıcı aktora çevirən bir ölkədir. Bu da dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatlarını Azərbaycanla əməkdaşlıqda maraqlı edir. ŞƏT-in Azərbaycan marağı həm də ölkəmizin son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi ilə bağlıdır. Odur ki, Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycan təbii olaraq ŞƏT üçün də cəlbedici görünür.
ŞƏT ilə əməkdaşlıq, xüsusilə 2016-cı ildə Azərbaycan dialoq tərəfdaşı statusu aldıqdan sonra inkişaf etməyə başlayıb. Bütün iqtisadi təşkilatlarla bərabərhüquqlu əməkdaşlıqda maraqlı olan ölkəmiz üçün ərazi və əhali baxımından ən böyük bir neçə ölkəni özündə birləşdirən ŞƏT-lə əməkdaşlıq və ya bu qurumda hansı statusdan asılı olmayaraq iştirak müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi baxımından yeni dividentlər qazandırır.
Beləliklə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun Sammitində növbəti dəfə iştirakı ölkəmizə verilən önəmin göstəricisi olmaqla yanaşı, həm də Azərbaycanın Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının hər kəs tərəfindən qəbul olunmasının əyani təsdiqi sayıla bilər”.