“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə çərçivəsində növbəti təlimini keçirib.
“Gözəl ol və sağlam qal!” devizi altında təşkil olunan təlim Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində baş tutub.
Tədbiri giriş sözləri ilə açan Bakı Peşə Hazırlığı Mərkəzinin nümayəndəsi Bəxtiyar Rzazadə “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin həyata keçirdiyi maarifləndirici təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıb.
İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva çıxışında Bakı Peşə Hazırlığı Mərkəzində bərbər-vizajist-manikürçü ixtisası üzrə təhsil alan müdavimlərə təlimin keçirilməsi üçün göstərilən dəstəyə görə qurum rəhbərliyinə təşəkkürünü bildirib. O, təlimin əsas məqsədinin gözəllik xidməti göstərilən məkanlarda xroniki virus hepatitləri, İnsan İmmunçatışmazlığı Virusu (İİV) və vərəm kimi təhlükəli infeksion xəstəliklərin yayılması riskini yaradan səbəblər barədə aidiyyəti peşə sahiblərini maarifləndirmək olduğunu bildirib. Verilən bilgilər müdavimlərə iş fəaliyyətlərində sanitar-gigiyena qaydalarına ciddi şəkildə riayət etməyi təşviq etməklə təhlükəli infeksiyalara yeni yoluxma hallarının qarşını almağa yönəlibdir.
Layihə rəhbəri Ziba Nəbiyeva daha sonra elektron təqdimat vasitəsilə xroniki virus hepatitləri və İİV/QİÇS infeksiyaları haqqında əsas bilgiləri, ötürülmə yolları, qorunma qaydaları və profilaktik önləyici tədbirlərin əhəmiyyəti, eləcə də gözəllik salonlarında dərini zədələyə biləcək manipulyasiya alətlərinin dezinfeksiya və sterilizasiyası barədə vacib məlumatları iştirakçılara çatdırıb.
Adı qeyd olunan xəstəliklərdən qorunma üsullarını özündə əks etdirən animasiya çarxları nümayiş olunub.
Vərəm xəstəliyinin əsas aspektləri barədə təqdimatla təlimçi, həkim Mətanət Qaraxanova çıxış edib. O, bu xəstəliyin fərqləndirici simptomlarını və zamanında aşkarlanıb müalicəyə cəlb olunmasının vacibliyini vurğulayıb. ”Vərəm xəstəsinin müalicəyə sadiqliyi, yəni dərmanların vaxtında və düzgün qəbul edilməsi çox önəmli məsələdir. Müalicəni yarımçıq dayandırma vərəmin ağır formalarının yaranmasına səbəb olur”, – deyə M. Qaraxanova qeyd edib.
Hava-damcı yolu ilə ötürülən infeksiyaların profilaktikası məqsədilə gözəllik xidməti göstərilən məkanların mütəmadi havalandırılması, açıq səthlərin dezinfeksiya edilməsi və qoruyucu vasitələrdən düzgün istifadə qaydaları, eləcə də işçilərin tibbi müayinələrə cəlb edilməsinin vacibliyi barədə məlumatlar təlim iştirakçılarına çatdırılıb.
Təlimin sonunda verilən məlumatların mənimsənilmə səviyyəsini yoxlamaq üçün sorğu anketləri təlim iştirakçıları tərəfindən cavablandırılıb.
Müdavimlər aidiyyəti mövzularla bağlı maarifləndirici buklet və kitabçalar, eləcə də iştirak sertifikatı ilə təmin edilib.
Məlumatlandırmanın əhatə dairəsini genişləndirmək məqsədilə müdavimlərin təcrübə keçdiyi gözəllik salonuna xüsusi dizaynla hazırlanmış, xroniki virus hepatitlərinin yoluxma yolları əks olunan maarifləndirici divar stendi verilib.