“Qarabağ bölgəsinin zəngin turizm potensialı bölgənin Azərbaycanın əsas turizm zonalarından birinə çevrilməsinə imkan verir”.Bu sözləri SİA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva deyib.
Onun sözlərinə görə, orta müddətli dövrdə işğaldan azad edilmiş əraziləri daxili turizm üçün əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirmək, perspektiv imkanlardan effektiv istifadəyə nail olmaq əsas strateji baxış olaraq müəyyən edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın XII məqsədi üzrə “Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq” müəyyən edilmişdir: “Qeyd edilən məqsədə üzrə Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişaf etdirilməsi üçün bir sıra istiqamətlər müəyyən olunub. Bunlar işğaldan azad edilmiş ərazilərdə strateji çərçivənin müəyyənləşdirilməsi, institusional inkişaf, turizm destinasiyalarının inkişafı, turistlər üçün zəruri infrastruktur layihələrinin icrası, turizm məhsullarının inkişafı, turizm və rekreasiya zonalarının formalaşdırılması, turizm əhəmiyyətli tədbirlərin keçirilməsi, marketinq və kommunikasiya tədbirlərinin həyata keçirilməsi əsas istiqamətlərdir.
DTA tərəfindən Kəlbəcər Turizm İnkişaf Konsepsiyası və Xocavənd Turizm İnkişaf Konsepsiyası hazırlanıb. Hazırda Laçın Turizm İnkişaf Konsepsiyası üzərində iş gedir. Laçın rayonunun Zabuxçay su anbarının ətraf ərazisində, eləcə də Tərtər çayının üzərində yerləşən Sərsəng su anbarı ətrafında turizm infrastrukturunun inkişafı ilə bağlı Dövlət Turizm Agentliyi tərəfindən ilkin konseptual layihə sənədləri hazırlanıb. Şərqi Zəngəzur iqtisadi rayonunda Turizm və rekreasiya zonasının (TRZ) yaradılması üzrə işlər davam etdirilir.
İnfrastruktur layihələrlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 oktyabr 2023-cü il tarixli Tərtər rayonuna səfəri çərçivəsində Suqovuşan qəsəbəsində istirahət parkının açılışı baş tutub. Şuşa rayonu Daşaltı kəndi, Xocavənd rayonu Tuğ kəndi, Ağdamda Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması üzrə layihələr davam etdirilir.
Ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə, onlayn platformalarda Qarabağın turizm potensialı geniş şəkildə marketinq və kommunikasiya tədbirləri keçirilir, beynəlxalq ictimaiyyətə tanıdılır”.