Ballıca və Xanyurduda torpaqlarla bağlı müraciətlər davam edir


Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbulu prosesi davam edir.

SİA-nın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, nazirlik Ballıca və Xanyurduda kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı məlumatlandırma sessiyalarına davam etdirir. Məlumatlandırma sessiyaları torpaqların əkin məqsədli istifadəyə verilməsinin şərtləri və tələbləri barədə Ballıca və Xanyurdu sakinlərinin maarifləndirilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsilə müraciətlərin qəbulu prosesinin sürətləndirilməsi məqsədi daşıyır.

Nazirliyin nümayəndə heyəti məlumatlandırma sessiyaları çərçivəsində Xocalı rayonunun hər iki kəndinin sakinləri ilə görüşüb. Görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul şəxsləri, Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Ballıca və Xanyurdu kəndlərinin sakinləri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Leyli Ağayeva bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilk dəfə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilib və artıq analoji prosesin Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində də həyata keçiriləcək. O, torpaqların əkin məqsədli icarəyə verilməsinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirildiyini xatırladıb. Şöbə müdiri əlavə edib ki, kənddə məskunlaşan əhalidən müraciətlərin qəbulu sentyabrın 15-dək davam edəcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin nümayəndələri çıxış edərək Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərinin sakinlərinə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli güzəştli şərtlərlə icarəyə verilməsini müsbət dəyərlənirib, bu prosesin kənd sakinlərinin daha geniş səviyyədə kənd təsərrüfatı ilə məşğul olmasına və sosial həyat səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərəcəyini deyiblər.

Sonra kənd sakinlərinə Ballıca və Xanyurdu kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün EKTİS vasitəsilə müraciətlərin qəbulu qaydaları, şərtlər və tələblər barədə təqdimatlar edilib, sakinlərin sualları cavablandırılıb.

Sonda Ballıca kəndi sakinlərinin bilik və bacarıqlarının artırılması, eləcə də innovativ yanaşmaların tətbiq edilməsi məqsədilə keçirilən təlimlərin yekun qiymətləndirilməsi aparılıb. Sakinlərə müvafiq sertifikatlar təqdim olunub.

Aqrar Xidmətlər Agentliyinin Təlim Mərkəzinin əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak edən fermerlərə kooperativlərin yaradılması, birgə fəaliyyətin fermerlər üçün üstünlükləri, kooperativlərə dövlət dəstəyi mexanizmləri, bitkiçilik, əkinçilik, tərəvəzçilik və meyvəçilik sahələri, kənd təsərrüfatı texnikalarından səmərəli istifadə, müasir suvarma sistemləri, səmərəli təsərrüfatların təşkili, fermerlər üçün dövlət dəstək mexanizmləri, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, iqlim dəyişkənliyinin təsərrüfata təsirləri, işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Növbəti mərhələdə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə ayrılması üçün müraciət edən Ballıca və Xanyurdu sakinləri ilə müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Əlaqəli Xəbərlər