Böyük Qayıdış strategiyası: yenidən dirçələn Kəlbəcər!


Prezident İlham Əliyev: “Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir”

Genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısına çevrilib. Bütün bunlarla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağı kimi beynəlxalq aləmdə tanınır. Əlbəttə ki, dünya dövlətləri ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Güclü dövlət və qazandığımız uğurlar bizə Zəfərimizi yaşatdı. 30 ilə yaxın işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olundu. Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz çökdürməsi dövlətimizin gücünün göstəricisidir. Bütün dünya Ordumuzun gücünü, işğalçı Ermənistanın məğlubiyyətini gördü. Azərbaycan xalqı başda olmaqla, bütün türk dünyası bu tarixi Zəfəri yaşadı. Qarabağ Zəfəri sayəsində regionda yaranmış yeni geosiyasi vəziyyət təkcə region dövlətlərinə deyil, bütün Avrasiya məkanında sülh və inkişafa yol açır.

Bugünki günümüzün reallığı, əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasını reallaşdırılmasıdır. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin nəticəsidir ki, işğaldan azad olunan ərazilərə etdiyi səfərlər zamanı həmin yerlərdən verdiyi mesajlar, açılışı olan obyektlər, yaradılan infrastruktur layihələri deməyə əsas verir ki, böyük quruculuq işləri nəticəsində bu ərazilərdə artıq yeni həyat başlanıb. Artıq doğma Vətənə, doğma şəhərə 32 ildən sonra əzəli sakinlər qayıdırlar. Azərbaycan tarixi ədaləti bərpa etdi, Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksi ərazisində fərdi və çoxmərtəbəli evlərə köçən sakinlərin rahatlığı təmin edilib. “Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərə köçən sakinlərlə görüşü zamanı bildirib.

REGİONDA YARADILAN ƏN BÖYÜK YAŞIL ENERJİ MƏNBƏYİ

Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Əlbəttə ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir. Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının tikilməsi Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Belə ki, təkcə bu SES-də istehsal edilən yaşıl enerji növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər. Ümumi gücü 40 meqavat olan “Kəlbəcər” SES silsiləsi azad edilən ərazilərdə 42 meqavatlıq “Zəngilan” SES silsiləsindən sonra tikilən ikinci böyük silsilədir.

“Yuxarı Vəng” SES-ə su iki mənbədən – “Nadirxanlı” SES-in çıxışı və Tutqu çayı üzərində inşa edilən baş suqəbuledici qurğudan daxil olur. Müasir avadanlıqla təchiz edilən stansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib və 24 damarlı optik kabel xətti çəkilib. Bununla da stansiya mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunmaqla yanaşı, ən müasir rəqəmsal idarəetmə sistemləri ilə təchiz olunub və burada lazımi kibertəhlükəsizlik tədbirləri görülüb.

Layihə çərçivəsində həyata keçirilən tikinti-quraşdırma işlərində ətraf mühit amilləri nəzərə alınıb. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğular layihələndirilərək tikilib. “Yuxarı Vəng” SES-də il ərzində 66 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur. Bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir. Bu layihə BMT-nin iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətlidir. “Yuxarı Vəng” SES “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla, Azərbaycanın enerji sektoru ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən ekoloji standartlara uyğun icra edilib və ölkəmizin yaşıl enerji inkişafına sadiqliyini göstərən bir nümunədir.

MDB ÖLKƏLƏRİ ARASINDA BİRİNCİ YERİ TUTAN TUNEL

Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcərə növbəti səfəri çərçivəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib. 2021-ci ilin avqustunda bu yolun təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biri də uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Belə ki, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Tuneldə qazma, həmçinin sağ və sol hissələri birləşdirən 38 keçid tuneli üzrə işlər artıq başa çatdırılıb. Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilir. Bu tunellərdə əsas tikinti işləri, o cümlədən qazma, kəmər-beton və digər texniki işlərin çoxu artıq yekunlaşdırılıb. Bu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Yol rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, kənd təsərrüfatının, turizmin inkişafına töhfəsini verəcək.

Belə çətin coğrafi şəraitdə bu cür strateji əhəmiyyətə malik layihənin icrası bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş rayonlarımızın qısa müddətdə bərpası, o cümlədən həmin bölgələrimizdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılması Azərbaycan dövlətinin diqqət mərkəzindədir.

KƏLBƏCƏRDƏ YENİ YAŞAYIŞ KOMPLEKSLƏRİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin təməlini qoyub.3-cü yaşayış kompleksinin ümumi ərazisi 7,6 hektar olacaq. Burada 4 və 5 mərtəbəli 29 bina tikiləcək. Kompleksdə 476 mənzilin inşası planlaşdırılıb ki, onlardan da 8-i birotaqlı, 176-sı ikiotaqlı, 169-u üçotaqlı, 123-ü isə dördotaqlı olacaq. Buraya köçürüləcək ailələrin rahatlığı və məişət məsələlərinin həlli üçün kompleksdə bütün zəruri infrastruktur qurulacaq. Belə ki, burada məişət və ticarət obyektləri, futbol meydançası, istirahət guşələri, söhbətgahlar, uşaq oyun meydançaları, velosiped yolları, yerüstü avtomobil dayanacağı yaradılacaq. Binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin ediləcək. Ərazidə geniş abadlıq və yaşıllıq işləri görüləcək.

Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Buraya ümumilikdə 807 ailənin köçürülməsi nəzərdə tutulur. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı olmaqla 807 mənzil inşa ediləcək. Burada 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır. Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq. Yaşayış kompleksində sakinlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili üçün idman meydançaları, velosiped yolları salınacaq, istirahət guşələri, söhbətgahlar, uşaqlar üçün oyun guşələri inşa olunacaq. Binaların hamısı daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcək. Ərazidə, həmçinin geniş miqyasda yaşıllıq zonalarının salınması nəzərdə tutulur.

Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Eləcə də, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Qısa bir zamanda Böyük Qayıdışın ilk karvanı olan Ağalıya edilən köç, eləcə də, Şuşada, Füzulidə və digər ərazilərdə görülən işlər bunu deməyə əsas verir.

Birinci pilot layihə olan “Ağıllı kənd” layihəsi Zəngilanda icra edildi, Beynəlxalq hava limanlarının – Füzulidə Beynəlxalq hava limanının, daha sonra Zəngilan və Laçında beynəlxalq hava limanlarının istifadəyə verilməsi Azərbaycanın nəhəng quruculuq işlərinin həyata keçirməsindən xəbər verir. Bu, Azərbaycanın gücünün göstəricisidir. Beynəlxalq hava limanlarının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasının tamamilə dəyişdirilməsində əhəmiyyətlidir. Azərbaycan bu gün quruculuq meydanında imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Məlumdur ki, Azərbaycan Zəfər qazandıqdan sonra işğaldan azad edilmiş ərazilərdə müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanıldı. Əlbəttə ki, strateji əhəmiyyət kəsb edən məsələlərin çevik həllinə xidmət edən peşəkar idarəetmə sisteminin mövcudluğu işlərin sürətlə və səmərəli həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. Bu Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Bu sənəd əhalinin doğma torpaqlarına geri qayıdışını məsələlərini, məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, məşğulluq imkanlarını artırmaqla yanaşı, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etməklə hədəflənən məqsədlərin sürətli və keyfiyyətli icrasına öz töhfəsini verməkdədir.

Zümrüd BAYRAMOVA

Əlaqəli Xəbərlər