“Cənab Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra həyata keçirdiyi xarici siyasət kursu, Azərbaycanın yeni geosiyasi reallıqlarda rolunu və mövqeyini daha da möhkəmləndirməklə yanaşı, həm də regionda və dünyada davamlı sülhə, təhlükəsizliyə və əməkdaşlığa yönəlmiş strateji yanaşmanı əks etdirir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə, bu kurs ilk növbədə qlobal güclərin maraqları arasında balans yaratmaq, onların toqquşma nöqtələrini uzlaşdırmaq və Azərbaycanın milli maraqlarını beynəlxalq müstəvidə maksimum dərəcədə təmin etmək məqsədi daşıyır: “Postmüharibə dövründə Azərbaycanın xarici siyasəti təkcə regional deyil, qlobal əhəmiyyət daşıyan yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələ Azərbaycanın yalnız regionda deyil, həm də Avrasiya məkanında mühüm tranzit və enerji qovşağına çevrilməsi ilə xarakterizə olunur. Məhz bu baxımdan, Prezident İlham Əliyevin Çinlə münasibətlərin inkişaf etdirilməsinə verdiyi önəm, Azərbaycanın çoxvektorlu siyasətinin məntiqi davamı kimi çıxış edir. 8 avqustda Azərbaycan ilə Çin arasında imzalanmış sənədlər, iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Bu sənədlər sadəcə diplomatik və iqtisadi əməkdaşlığı deyil, strateji tərəfdaşlıq səviyyəsində qarşılıqlı etimad və siyasi dialoqun daha da dərinləşməsini ehtiva edir. Prezident İlham Əliyevin bu münasibətlə verdiyi bəyanat da onu göstərdi ki, artıq Çinlə əlaqələr təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, həm də regionda və daha geniş coğrafiyada strateji planların tərkib hissəsinə çevrilib”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Çin Xalq Respublikası Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşıb və bu mövqeyini bütün beynəlxalq platformalarda açıq şəkildə ifadə edir: “Azərbaycan da öz növbəsində “vahid Çin” siyasətini dəstəkləyir və bu dəstəyi ən yüksək tribunalarda nümayiş etdirir. Bu qarşılıqlı anlayış və etimad, iki ölkənin münasibətlərində dərin tarixi, mədəni və iqtisadi əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindəki çıxışı da Azərbaycanın bu yeni xarici siyasət kursunun parlaq nümunəsi kimi qiymətləndirilə bilər. Cənab Prezidentin sammitdə səsləndirdiyi fikirlər, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan siyasətinə, regional sabitlik və əməkdaşlıq təşəbbüslərinə verdiyi əhəmiyyətə, eləcə də ŞƏT kimi nüfuzlu bir təşkilatla daha geniş inteqrasiyada maraqlı olduğuna dair aydın mesajlar verdi. Azərbaycanın Çin və ŞƏT məkanındakı ölkələrlə əlaqələrinin dərinləşməsi, Prezident İlham Əliyevin uzaqgörən və çevik xarici siyasətinin uğurlu təzahürüdür. Bu siyasət, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ölkəmizin qlobal qərarvermə proseslərində iştirakını da gücləndirir. İndiki mərhələdə isə əsas məqsəd bu siyasətin davamlılığını təmin etmək, müxtəlif güc mərkəzləri arasında balansı qoruyaraq Azərbaycanın milli maraqlarını maksimum dərəcədə təmin etməkdir”.