Mətbəxdəki görünməyən təhlükə: Alüminium folqa


Müasir dövrdə insanların həyat ritminin sürətlənməsi, hazır qidalara olan tələbatı artırmışdır. Xüsusilə ictimai iaşə müəssisələrində və məişət şəraitində hazır yeməklərin saxlanması, daşınması və isidilməsi üçün uyğun qablaşdırma materiallarına ehtiyac daha da aktuallaşıb. Bu məqsədlə ən çox istifadə edilən vasitələrdən biri alüminium folqalardır. Bəs, alüminium folqanın qidalara zərərləri nədən ibarətdir?

Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, istər məişətdə, istərsə də istehsalatda, daha çox isə ictimai iaşə sahələrində hazır qidaların saxlanması və onların mikrodalğalı sobada isidilməsi üçün alüminium folqalardan istifadə olunur.

Onun sözlərinə görə, bu folqalar istiliyin, hərarətin saxlanması və mövcud hərarətin itirilməməsi üçün ən ideal qablaşma materialı hesab olunur: “Lakin bir sıra məqamlara da diqqət yetirmək lazımdır ki, həmin folqalar qidaya zərər vurmasın. Alüminium folqalarla yeməyin ikinci dəfə və ya tez-tez isidilməsinə yol verilməməlidir. Bu zaman qabın özündə olan miqrasiya normativləri qidaya da təsir edir. Eyni zamanda alüminium folqaları istifadə etməmişdən əvvəl mütləq üzərində olan sənəd oxunmalıdır. Həmin sənəddə alüminium folqanın qidaya təsir dərəcələri, müvafiq istifadə qaydaları yazılıb. Alüminium folqanın qidaya təması zamanı iç hissədə yanma ola bilər. Bu isə alüminium folqada olan maddələrin qidaya keçməsinə səbəb ola bilər. Qidanın birbaşa alüminiumla təmasda olmasının qarşısını almaq üçün əvvəlcə streç plyonka ilə sarıyıb, sonra üzərini folqa ilə örtmək tövsiyə olunur. Streç plyonka qidanı qoruyur, alüminium isə istiliyi saxlayır. Bu üsul həm gigiyenik, həm də təhlükəsizlik baxımından daha etibarlıdır. Alüminium folqadan istifadənin əsas səbəblərindən biri də odur ki, bu qablaşmalar digər plastik qablaşmalara nəzərən özündə hər hansı bir kənar və ya xoşagəlməz qoxu saxlamır”.

Əlaqəli Xəbərlər