Son illərdə bəzi gənclərin və yeniyetmələrin kriminal aləmə yönəlməsi cəmiyyətdə ciddi narahatlıq doğurur. Sosial, iqtisadi və psixoloji səbəblər bu tendensiyanın formalaşmasında mühüm rol oynayır. Ailə, məktəb və dövlətin birgə təsiri gənclərin düzgün istiqamətləndirilməsində və məsuliyyətli vətəndaş kimi yetişməsində həlledici əhəmiyyət kəsb edir. Bununla bağlı SİA-nın əməkdaşı vətəndaşların fikrlərini öyrənməyə çalışıb.
Şəhər sakini İsrayıl Məmmədov: “Fikrimcə, yeniyetmələrin və gənclərin bu aləmə həvəsinin yaranması onların ətraf mühitindən asılıdır. Çünki hal-hazırda Azərbaycana baxsaq, kriminallıq çoxdur, təbliğ edənlər də çoxdur. Məsələn, sosial şəbəkələrdə bəzən elələrinə elə baxırlar ki, mən də onlar kimi niyə də olmayım deyə düşünürlər. Buna misal olaraq deyə bilərəm ki, adicə mənim məktəbimdə bu aləmə, kriminallığa, kriminal insanlara pərəstiş edən çox adam var idi. Yəni, Azərbaycana bununla bağlı tərtibat bir az yaxşı deyil, dəyişmək lazımdır. Bunun da iki səbəbi var. Birincisi texnologiyadır. Yəni, texnologiyanın inkişaf etməsi telefonlarda, kömpüterlərdə mafiya oyunlarının oynanılması, sonra sosial şəbəkələrdə belə videoların təbliğ edilməsinə fikrimcə, dövlət tərəfindən nəzarət edilməlidir”.
Şəhər sakini İsmayıl Əsədov: “Hesab edirəm ki, kriminal əməllərə gənclərin yönəlməsinin səbəbi həm də düzgün rol modellərinin olmamasıdır. Uşaqların ətrafında nümunəvi şəxslərin olmaması, media və sosial şəbəkələrdə bəzən səhv mesajların verilməsi onları səhv yollara istiqamətləndirir. Əgər gənclərə maraqlı və faydalı fəaliyyətlər təqdim etsək, onların kriminal aləmə marağı azalacaq. Eyni zamanda, gənclərə kiçik yaşlardan sosial məsuliyyətin öyrədilməsi, etik və hüquqi biliklərin aşılanması da çox önəmlidir. Mənim təcrübəmdə belə hallar göstərir ki, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi gənclərin düzgün yola yönəlməsində əsas faktordur”.
Şəhər sakini Sədaqət Əlimuradova: “Kriminal aləmə yönəlmənin əsas səbəblərindən biri sosial və psixoloji təzyiqlərdir. Gənclər bəzən diqqət və sevgi çatışmazlığını bu cür əməllərlə kompensasiya etməyə çalışırlar. Eyni zamanda, dost mühiti, yəni ətrafdakı şəxslərin pis nümunələri də böyük rol oynayır. Valideynlərin və müəllimlərin rolu bu vəziyyətin qarşısını almaqda çox önəmlidir. Mən müşahidə etmişəm ki, uşaq və yeniyetmələrə motivasiyaedici proqramlar, psixoloji dəstək və sosial layihələr təqdim edildikdə, onların kriminal fəaliyyətlərə meyli əhəmiyyətli dərəcədə azalır”.
Şəhər Sakini Müşviq Mehdizadə: “Ümumiyyətlə, bu mövzu ilə bağlı xəbərlərə tez-tez rast gəlmirəm, amma ümumiyyətlə deyə bilərəm ki, gənclərin arzuolunmaz sahələrə, vərdişlərə yiyələnməsinin arxasında fikrimcə, duran əsas səbəblərdən biri onların asudə vaxtlarının mənalı və xüsusilə olaraq hədəflənmiş – yəni, reqülasiya səviyyəsində hədəflənmiş istiqamətlərə yönəldilməsində boşluqların olmasıdır. Çünki boş zamanlarımızda bizim məşğul olmaq istədiyimiz fəaliyyətləri ya biz özümüz seçməliyik, ya da ki, sosial çevrəmizdə faydalı ola biləcək şeylər bizə malikləndirilmək yolu ilə ötürülməlidir ki, biz bu sahəyə yönələk. Bu məsələ ilə bağlı erkən yaşlardan orta məktəb dərslərində öyrədilməli olan əlavə bir şey də media savadlığı məsələsidir. Media savadlığı məsələsində sosial medianın düzgün və məqsədyönlü şəkildə istifadəsi, ondan sadəcə əyləncəli obyekt kimi deyil, həm də intellektual və mənəvi formada inkişafın dəstəkləyici “driver”i kimi istifadə etməyi öyrənmək lazımdır”.
Şəhər sakini Mütəllim Heybətov: “Ailədən gələn tərbiyə çox önəmlidir. Mən bunun fərqindəyəm, uşaqların düzgün istiqamətlənməsi ailədən başlamalıdır. İkincisi, nəsil dəyişir və zamanla gənclər daha az bilincli olurlar. Təəssüf ki, çox vaxt cəmiyyətin və ailənin üzərinə düşən tərbiyə işi yetərli səviyyədə deyil. Gənclərin əməllərini düzgün istiqamətləndirmək və gələcək nəsli kriminal aləmdən qorumaq üçün təbliğat olmalıdır. Bu təbliğat radioda, televiziyada, sonra isə birbaşa ailədə həyata keçirilməlidir. Ailə ilk və əsas tərbiyə yeridir, məktəb isə bu tərbiyəni gücləndirməlidir. Məktəblərdə sosial və etik dəyərlərin aşılanması, gənclərin məsuliyyət hissi ilə böyüməsi vacibdir. Tərbiyə və nəzarət sistemli şəkildə qurulmazsa, gənclərin yanlış əməllərə yönəlməsi qaçılmaz olur. Bu səbəbdən həm ailələr, həm məktəblər, həm də dövlət strukturları gənclərin inkişafını ciddi şəkildə izləməli və düzgün yönləndirməlidirlər. Nəzarət və düzgün təbliğat nəticəsində gənclərin kriminal fəaliyyətlərə meyli əhəmiyyətli dərəcədə azalacaq”.
Şəhər sakini Səkinə Qorçuyeva: “Fikrimcə, kriminal aləmə yönəlmənin səbəbləri çoxşaxəlidir: iqtisadi çətinliklər, ailədə və cəmiyyətdə qayğı və nəzarətin olmaması, düzgün tərbiyə imkanlarının məhdudluğu. Gənclər bəzən özlərini qəbul edilməmiş və təcrid olunmuş hiss etdikdə asanlıqla səhv yollara düşürlər. Dövlətin, məktəbin və ailənin birgə fəaliyyəti bu problemi azaltmağa kömək edə bilər. Sosial layihələr, gənclər mərkəzləri və mentor proqramları bu baxımdan çox önəmlidir. Bundan əlavə, cəmiyyətin onlara göstərdiyi diqqət və dəstək, gənclərin özünü dəyərli hiss etməsinə səbəb olur ki, bu da kriminal aləmə marağı azaldır”.
Şəhər sakini Nizami Babaşov: “Bəzi gənclərin kriminal aləmə yönəlməsinin əsas səbəblərindən biri onların düzgün istiqamətləndirilməməsidir. Uşaqların həm ailədən, həm də məktəbdən düzgün tərbiyə almaması, boş vaxtlarının səmərəli təşkil edilməməsi onları asanlıqla pis əməllərə yönləndirir. Bununla yanaşı, sosial bərabərsizlik və işsizlik də rol oynayır. Gənclər özlərini qiymətləndirilmiş və uğurlu hiss etmədikdə, kriminal yol onları cəlb edir. Mənim müşahidəmə görə, gənclər ictimai fəaliyyətlərdə iştirak etdikdə, idman və yaradıcılıqla məşğul olduqda kriminal aləmə maraqları əhəmiyyətli dərəcədə azalır”.