ictimai nəqliyyatda necə davranmaq lazımdır?


“İctimai nəqliyyatda qaydalara əməl olunmaması insanların narazılığına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında “Yeni HəyatHumanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyatdan istifadə edən hər kəs başqalarının da eyni hüquqa malik olduğunu unutmamalıdır: “Burada şəxsi gigiyena, başqalarına qarşı davranış və etik normalara əməl etmək əsas şərtdir. Təəssüf ki, insanlar bəzən bu qaydalara bilərəkdən əməl etmirlər, ya da sadəcə bilmirlər. Amma öyrənmək heç vaxt gec deyil.İctimai nəqliyyatda xoşagəlməz halların qarşısını almaq üçün mədəni münasibət vacibdir. Əgər kimsə etik olmayan davranış edirsə, ona sakit və mədəni şəkildə izah etmək lazımdır. Hər kəs bu iradı eyni qəbul etmir – kimisi aqressiv olur, kimisi anlayışla yanaşır. Amma qarşılıqlı hörmət olsa, daha xoş mühit yaranar”.

Nailə İsmayılovanın fikrincə, texnoloji yeniliklər də bu sahədə mühüm rol oynayır: “Dayanacaqlarda vaxtilə elektron məlumat sistemləri quraşdırılmışdı, amma indi işləmir. Halbuki bu sistemlər aktiv olsa, insanlar vaxtına qənaət edər, minik və enmə prosesi də daha sivil olardı. Bu mövzuda digər ölkələrin təcrübəsindən faydalanmaq da mümkündür. Məsələn, Almaniyada insanlar avtobusun gəlmə vaxtına uyğun dayanacağa yaxınlaşırlar. Bizdə isə bəzən qarşı qapıdan minib, elə oradaca dayanırlar və başqalarının keçməsinə imkan vermirlər”.

Ekspertin sözlərinə görə, ictimai nəqliyyatdan istifadə edən hər kəs anlamalıdır ki, bu, ümumi bir sistemdir və hər kəs qaydalara hörmətlə yanaşmalıdır.

Əlaqəli Xəbərlər